Bir neçə gündür Astara rayonunda çəltik əkininə başlanılıb. Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu” , “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.
Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan Astarada çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.
2017-ci ildə Astarada 447.5 hektar sahədə çəltik əkildiyi halda, bu il rayonda 500 hektarda, gələcəkdə isə 1000 hektarda çəltik əkini nəzərdə tutulub.
Rayonda çəltikçilik əsasən Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.
Fermer Zaur Həsənovdan aldığımız məlumata görə rayonun Səncərədi və Artupa kəndlərində artıq 6 hektar sahədə çəltik əkilib.
 Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır.
Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.
 Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.
Nicat Raufoğlu
Astarainfo.az