Səyyar “ASAN xidmət” yeni məntəqələrdə

Səyyar “ASAN xidmət” 20 aprel–19 mayda Şirvan şəhərində, 23 aprel–7 mayda Binə qəsəbəsində, mayın 1–15-də Ağdaş, Qovlar şəhərlərində, mayın 1–25-də Şabran rayonunda, mayın 1–30-da Biləsuvar, Zaqatala şəhərlərində, mayın 7–26-da Ağstafa rayonunda, 8 may–6 iyunda Xırdalan şəhərində, 10 may–9 iyunda İmişli rayonunda, mayın 11–25-də Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
“ASAN xidmət”dən bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: notariat fəaliyyəti; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.