Mayın 11-də Astara rayon Kənd Təsərrüfatı İdarəsinin akt zalında Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Regional Elm Mərkəzi, rayon İcra Hakimiyyəti və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə Astarada “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
Seminarda  rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, AMEA Lənkəran REM-nin direktoru, professer Fərman Quliyev, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının müdiri, əməkdar elm xadimi professor P.Zamanov, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının aparıcı elmi işçisi, professor Əli Əlizadə  iştirak etmişlər. Tədbirə Astara və ətraf rayonlardan çay, çəltik və sitrusçuluqla məşğul olan fermerlər dəvət olunmuşlar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev ölkəmizdə aprar sahənin inkişafında aparılan ardıcıl dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən dövlət tədbirlərinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar mühüm qərarlar qəbul edilmiş, dövlət tədbirləri həyata keçirilmişdir. Cənab Prezident 2017-ci ildə bölgəmizə səfəri zamanı sentyabrın 3-də Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi ilə əlaqədar keçirdiyi respublika müşavirəsində bu sahələrin inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, bu barədə tapşırıqlarını vermişdir.
Möhtərəm prezidentimiz tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar   rayonun  fermer təsərrüfatlarının başçıları, istehsal, emal müəssisələrində çalışan sahibkarların iştirakı ilə rayonda işgüzar görüş keçirilmişdir. Ölkə başçısının tövsiyə və tapşırıqları diqqətə çatdırılmış, kənd təsərrüfatının rayonumuz üçün xarakterik sahələrinin inkişaf yolları barədə fikir mübadiləsi aparılmışdır.   Nəticədə qısa müddətdə 1500 hektara yaxın əkinə yararlı torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.
Azərbaycan Respublikasında çay, çəltik və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar  cənab Prezident bu ilin fevral ayında Sərəncamlar imzalamışdır. Sərəncamlarda ölkəmizdə, o cümlədən Astara rayonunda çayçılıq, çəltikçilik və sitrusçuluğun  inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi, çay, çəltik və sitrus meyvələri istehsalına marağın artırılması məsələləri öz əksini tapır. Kənd təsərrüfatı sahələrinin inkişafına olan bu diqqət torpaqlardan səmərəli istifadəni təmin etməklə, bol məhsul istehsalında özünü göstərəcəkdir.
 2017-cı ildə rayonda 447 hektar sahədə çəltik əkini aparılmış, 1800 ton çəltik yığılmışdır.
Eyni zamanda 197 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 476 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilmişdir. Bu gəlirli, səmərəli kənd təsərrüfatı sahələrini inkişaf etdirilərək, qarşıdakı illərdə çəltik və çay sahələrinin min hektara çatdırılması nəzərdə tutulmuşdur.
2017-ci ildə 774 hektar yeni sitrus və subtropik meyvə  bağı salınaraq  əkin sahələri ümumilikdə 3116 hektara çatdırılmışdır. Təkcə son iki ildə yeni salınmış  sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artmışdır.
Ümumilikdə aqrar sektorun inkişaf etdirilməsi istiqamətdə tədbirlər davam etdirilir və bu iş rayonumuzda  daim diqqət mərkəzindədir.
Seminarda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, AMEA Lənkəran REM-nin direktoru, professer Fərman Quliyev, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının müdiri, əməkdar elm xadimi professor P.Zamanov, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının aparıcı elmi işçisi, professor Əli Əlizadə  çıxış edərək Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu, Lənkəran-Astara zonasında çayçılıq və çəltikçilikdə üzvi gübrələrdən istifadənin səmərəliliyi, torpaqlardan müasir texnologiyalar əsasında səmərəli istifadə üsulları, çəltikçilikdə yeni texnologiyadan istifadə qaydaları barədə fermer və sahibkarlara geniş məlumat vermiş, müzakirələr aparılmışdır.

Fəridə Ağazadə

Astarainfo.az