Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda  minlərlə astaralı Ulu Öndərin xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq şəhər mərkəzindəki abidəsini ziyarət etmək üçün toplaşmışdır.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar.
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar onun adını daşıyan parkda ənənəvi olaraq keçirilən ümumrayon Kitab bayramında rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri iştirak edərək, ayrı-ayraı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış olmuşlar.
Sonra tədbir iştirakçıları Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Heydər Əliyev mərkəzində keçirilən “Heydər Əliyev və müasir müstəqil Azərbaycan dövləti” adlı  elmi-praktiki konfransda iştirak etmişlər.
Toplantını giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən bütün tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbətlər açılır, xatirəsi əziz tutulur.
Biz də sizinlə Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirinə yığışmışıq.
Ulu öndərin 95 illik yubileyi xalqımızın həyatında müstəsna rol oynayan müstəqilliyimizin 100 illiyi ərəfəsində qeyd olunur. Bu müstəqilliyin əbədi, sarsılmaz və dönməz olması üçün Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində dünyaya göz açmışdır. Ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin gərgin zəhməti sayəsində ölkəmiz bütün sahələrdə mühüm tərəqqi dövrü yaşamışdır.
Heydər Əliyev 1982-1987-ci illərdə Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.
Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək üçün məqam axtaran qüvvələr Heydər Əliyevin xalq arasında böyük nüfuzundan həmişə ehtiyat edir və qorxurdular. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Mixail Qorbaçovun siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi.
Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər         20 Yanvar faciəsinə öz etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi.
Xalqın təkidi ilə Azərbaycana qayıdan Heydər Əliyev 1990-cı ilin sentyabr ayında Azərbaycan SSR və Naxçıvan Muxtar Respublikası Ali sovetlərinə deputat seçildi.
Bununla da həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə yorulmaz, fədakar fəaliyyət göstərən Heydər Əliyev Naxçıvan parlamentində yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən qərarların qəbul edilməsinə nail oldu.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün müstəqil Azərbaycan dövlətini yaratmışdır. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.
Azərbaycanın bütün əraziləri ulu öndərimiz üçün əziz olmuş, bütün bölgələrə və həmin yerlərin insanlarına həmişə sonsuz diqqət və qayğı göstərmişdir. Astarada yaşayan insanlar da Heydər Əliyevin qayğı və diqqətini daim hiss etmişlər. Dahi şəxsiyyət 11 dəfə Astaraya səfər etmiş, Astara və astaralılar haqqında xoş və səmimi fikirlər söyləmişdir. Ulu öndərimizin dediyi “Astara Azərbaycanın coğrafi xəritəsində, Azərbaycanın ictimai-siyasi həyatında, Azərbaycanın iqtisadiyyatında özünəməxsus yer tutur”, “Mən məmnuniyyətlə qeyd edirəm ki, müstəqil Azərbaycanın həyatında astaralılar çox əhəmiyyətli rol oynayırlar, öz tarixi vəzifələrini yerinə yetirirlər və Azərbaycanın dövlətçiliyinin inkişaf etməsi yolunda böyük xidmətlər göstərirlər” və digər müdrik sözləri astaralılar tərəfindən həmişə sonsuz iftixar və minnətdarlıq hissi ilə xatırlanır.
  Azərbaycan xalqı, o cümlədən, astaralılar ümummilli lider dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur, qəlblərində əbədi yaşadırlar.
Ulu Öndərin fəaliyyəti, Astaraya səfərləri, respublikanın və rayonumuzun həytında mühüm rolu haqqında Rayon Mərkəzi Xəstəxanasının həkimi Aliyə Cavadova, YAP rayon təşkilatı Gənclər Birliyin sədri Tural Eyvazov, Kijəbə qəsəbə sakini, “Tərəqqi” medallı   Əminə Həsənova, “Sun Tea çay fabriki” MMC-nin Astara çay fabrikinin icraçı direktoru,  II dərəcəli “Əmək” ordenli Nizami Rəsulov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləmişlər.
 Siyaku kənd tam orta məktəbinin XI sinif şagirdi, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü  münasibəti ilə təşkil olunmuş “Ən yaxşı  təqdimat” Respublika müsabiqəsinin qalibi  Fətəlizadə Nazənin Natiq qızının ulu öndər haqqında maraqlı təqdimat nitqi iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbiri yekunlaşdıraraq qeyd etmişdir ki, Heydər Əliyev həm də xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən siyasi məktəb  yadigar qoymuşdur.
Bu siyasi məktəbin yetirməsi, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.  Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır. Bu yolla  gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar keçirilən ümumrayon tədbiri axşam saatlarında yeni salınmış dənizkənarı park-bulvarda konsert proqramı ilə davam etmişdir. Konsertdə Azərbaycanın Əməkdar Artisti Baloğlan Əşrəfov və digər tanınmış musiqiçilərin, həmçinin yerli incəsənət nümayəndələrin çıxışları çoxsaylı tamaşaçı kütləsi tərəfindən alqışlarla qarşılanmışdır.
Böyük izdihamla müşayiət olunan konsert rayon ictimaiyyətinin minlərlə sakini tərəfindən maraqla qarşılanmış, atəşfəşanlıqla başa çatmışdır.

Astarainfo.az