Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmalarda qətlə yetirilən fələstinlilərin sayı 37 nəfərə çatıb, 400-ə yaxın insan yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, etiraz aksiyaları Qüds şəhərində ABŞ-ın səfirliyinin açılması ilə daha da şiddətlənib. İsrail hərbçilərinin məlumatına əsasən, sərhədin 12 məntəqəsində 35 min etirazçı cəmlənib. Ordu etirazçılara qarşı odlu silahdan istifadə edir.
Xarici KİV-lərin məlumatına görə, aksiyanın miqyasının daha da artmasından ehtiyatlanan İsrail ordusu Qəzza sektoruna əlavə iki piyada briqadası göndərib. Daha bir briqada isə İordan çayının indiyə qədər etiraz aksiyalarına qoşulmayan qərb sahilinə yollanıb.
Fələstinlilər Qüds şəhərində ABŞ səfirliyinin açıldığı gün – mayın 14-də və işğalın başladığı Nakba (Böyük fəlakət) gününün ildönümü günü – mayın 15-də “Böyük qayıdış marşının” kulminasiyasını planlaşdırırlar. Bir ay yarım davam edən aksiyalar zamanı bugünkü itkilər nəzərə alınmasa, 50-yə qədər fələstinli qətlə yetirilib.
İsrailin Qəzza sərhədini “qapalı hərbi zona” elan etdiyi bildirilir.