Mayın 18-də Astara Heydər Əliyev Mərkəzində 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Hər muzey bir abidədir”(Heydər Əliyev) mövzusunda tədbir və sərgi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra “18 May Dünyada Beynəlxalq Muzeylər günü qeyd olunur” mövzusunda film numayiş olunmuşdur.
Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond  mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü – Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkşafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir. Hər il  müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, içtimaiyyətin diqqətini muzeylərə cəlb edir.
Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin qayğısına qalmış, onun gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etmişdir. Dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkşafının yeni mərhələsinə qədəm qoymuşdur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabının və ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Astara Pedaqoji Kollecin  müəllimi Elçin Mahmudov, Astara şəhər 6 saylı tam orta məktəbin muəllimi Rauf Bəşirov, Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.
Sonda tədbir iştirakçıları Astara Bilik Evinin “Rəssamlıq” ,“Toxuculuq” dərnəklərinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Elza Kazımova
Astarainfo.az