Tarixdən məlumdur ki, 1813-1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri qədim Azərbaycan xalqının parçalanmasına, əzəli Azərbaycanın olmuş torpaqlarının bölünməsinin bir növ əsasını qoydu. Zaman-zaman yeraltı-yerüstü sərvətli torpaqlarımız Azərbaycan dövlətini  talamaq, parçalamaq istəyənlər üçün yağlı tikə olub. Tarix göstərir ki, sərvətli torpaqlarımız elə tədricən zəbt olunmağa başlanıb.
Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi iyrənc siyasətin -“Ermənistan vilayəti” adlı inzibati bölgünün yaradılmasına səbəb oldu. 1918-ci ilin mart ayında erməni millətinin azərbaycanlıların başına gətirdikləri müsibət-insanların diri-diri yandırılması, evlərin talan edilməsi, od vurub külə döndərilməsi, günahsız insanlara müxtəlif cür işgəncələrin verilməsi dünyada misli görülməmiş faciə idi.      Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, cənub bölgəsində xüsusi qəddarlıqla həyata keçirilmiş qırğınların, milli mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsi başı bəlalı günahsız Azərbaycan xalqının yaddaşına əbədi yazılmışdır. Minlərlə günahsız insanlar qətlə yetirilsə də, yurd-yuvasından pərən-pərən düşsə də, kəndlər, obalar yandırılsa da mənfur düşmən bu vəhşi hərəkəti ilə Azərbaycanın qəddinin əyilməsinə qadir ola bilmədi.
Bu ağrı-acıları yaşayan Azərbaycan xalqının tarixində çox çəkmədi ki, Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 23 ay müddət ərzində Azərbaycan müstəqil demokratik dövlət kimi tarixə düşdü. AXC 23 ay yaşamasına baxmayaraq öz beynəlxalq əhəmiyyətli qərarları ilə sübut etdi ki, heç bir müstəmləkə və represiya rejimləri Azərbaycan xalqının vətənpərvərlik duyğusunu, dövlətçilik ənənələrini məhv etməyə qadir ola bilməz.
Lakin bu xoşməramlı hərəkatın ömrü çox qısa oldu. Yenə də bədxah, gözü götürməyənlər  öz işini gördü və  AXC tənəzzülə uğradı. Yalnız 70 ildən sonra ikinci dəfə dövlətimiz müstəqillik əldə etdikdə əbədiyaşar siyasətçi Heydər Əliyev söyləmişdir. “Müstəqilliyimizin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması daim əbədi olması bundan da çətindir”.
Böyük xoşbəxtlikdir ki, Azərbaycan dövləti bir əsrdə iki dəfə müstəqillik əldə etmiş suverin dövlətini yaratmağa nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AXC-nin yaranmasını tarixi hadisə kimi dəyərləndirir: “ Müsəlman aləmində ilk demokratik respublikası yaradılmış, dövlət quruculuğu prosesi başlanılmış, demokratik institutlar təsis edilmişdir. Siyasi islahatlar aparılmağa başlanılmış, dövlət atributlarımız qəbul edilmişdir. Dövlət himnimiz, milli bayrağımız təsdiq olunmuşdur. Qadınlara səsvermə hüququ verilmişdir. AXC bütün bunları bəzi Avropa ölkələrindən daha əvvəl etmişdir. Əgər AXC süqut etməsəydi bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi.”
Azərbaycan dövləti Sovet imperiyası dağılandan sonra öz milli müstəqilliyini yenidən əldə etmişdi. Amma uzaqgörən  siyasətçi Heydər Əliyevin xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdışı olmasaydı səbatsız, səriştəsiz rəhbərlərin sayəsində ölkədəki hərcmərclikdən müstəqilliyimizi bir daha itirə bilərdik. Məhz dahi şəxsiyyətin dərin zəkasından, uzaqgörən siyasətindən ölkə yenidən işıq saçıb nura boyandı.
Bugünkü söhbətimiz AXC-nin süqutundan sonra bölgələrdə yerli əhaliyə qarşı kütləvi surətdə aparılmış qırğınlarla bağlıdır. Azərbaycanın bir çox bölgələrində, o cümlədən cənub-Astara, Lənkəran zonasında da dinc əhaliyə divan tutulmuş, evlər yandırılmışdır.  Bu və ya digər məsələ ilə bağlı müsahibimiz 40 illik təcrübəsi olan tarix-coğrafiyanı gənc nəslə tədris edən Zahirəddin Məmmədovdur:
Zahirəddin müəllim, bildiyimiz kimi Şərqdə müsəlman aləmində qurulmuş ilk demokratik dövlətin mövcudluğu, misli görünməmiş tədbirlərin həyata keçirilməsi xalqımızın düşmənlərinin bir növ artmasına səbəb olmuşdur.
-Tamamilə doğrudur AXC-nin yaranması ilə əlaqədar Azərbaycan xalqının tarixi düşmənləri fəallaşdılar. 1917-ci ilin oktyabrında Leninin başçılığı altında dövlət çevrilişi ilə çar hökuməti yıxıldı əvəzində totalitar kommunist diktatorası olan Sovet dövləti yaradıldı. Çar Rusiyasının süqutundan sonra imperiyanın tərkibində olan xalqların milli azadlıq hərəkatı geniş vüsət aldı. Azadlıq və istiqlaliyyət uğrunda gedən mübarizənin önündə Azərbaycan xalqı gedirdi. Uzun sürən mübarizədən sonra 1918-ci il mayın 28-də AXC elan olundu. Sentyabrın 15-də Türkiyə dövlətinin köməyi nəticəsində Bakı düşmən ordusundan azad edildi. AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü. AXC hakimiyyətinin Azərbaycanın bütün bölgələrində yerli orqanları yaradılmışdır. Yaşadığım qədim Sım kəndində yüzdən çox ömür yaşamış sakinlərdən Şeyx Muxtar, Şeyx Şiri, Şeyx Saleh həmin dövrlə bağlı maraqlı məlumatlar söyləyərdilər.
AXC-nin hakimiyyəti dövründə Sovet Rusiyası vaxtı ilə çar hökumətinin müstəmləkəsi olmuş ərazilərin işğalına başlayır və nəticədə 1920-ci ilin aprelində Sovet ordusu Bakıya daxil olur. Bununla əlaqədar AXC süquta uğrayır. Rusiyanın yenidən Azərbaycan üzərində hökumdarlığı Azərbaycan xalqının dərin hiddətinə və nifrətinə səbəb olur. Bakıda diktatura rejimi yaradılsa da ucqar bölgələrdə dövlətə qarşı aparılan mübarizə davam edirdi.  Düşmən ordusu nə qədər güclü olsa da mübariz          Azərbaycan xalqının bir qolu-Lənkəran qəzasının sakinləri  Qırmızı Orduya tabe olmamaq üçün uzun müddət müqavimət göstərmişlər. Kəndimizin qocaman sakinlərindən olmuş Şeyx Şirinin söylədiyinə istinadən ruslara qarşı rayonumuzun hər yerində könüllü müdafiə dəstələri yaradılmışdır. Sım kəndində 10-15 nəfərlik könüllü dəstə Qırmızı Orduya qarşı Astaranın Qəzəndaş, Ərçivan hissəsində yaradılmış könüllü dəstələrlə birlikdə döyüşüblər.
Könüllü dəstələr Lənkəranda da rus ordusuna qarşı inadlı mübarizə aparmışlar. Atam Şeyx Muxtar danışırdı ki, iyirminci illərdə bolşevik əsgərləri Sım kəndinə gəlir. Yerli əhaliyə vəhşicəsinə divan tuturlar. Kənd sakinləri, qocalar, qadınlar, uşaqlar “Angivinəhal” deyilən qayanın arxasındakı meşəlikdə gizlənirlər. Kəndə daxil olan döyüşçülər qarşılarına çıxanları öldürür, evləri yandırır, kənddə olan dəyirmanı dağıdırlar. Onlara qarşı döyüşən könüllü dəstənin vuruşmağından ruslar kəndi tərk edirlər. Lakin bir həftədən sonra böyük qüvvə ilə kəndə daxil olur yerli əhalini rus hökumətinə tabe olmağa əmr edirlər.
Rus ordusu  Hamoşam kəndində 6 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. O illərdə Astaranın Ərçivan, Pensər, Təngərüd, Lovayın, Hamoşam, Pəlikəş, Sım kəndlərində yaranmış könüllü müdafiə dəstələri düşmənə qarşı qəhrəmancasına döyüşmüş əsl vətənpərvərlik göstərmişlər.
Müsahibimin maraqlı və  bir qədər də təsiredici söhbətindən sonra bir anlıq düşünürəm ki, Azərbaycan xalqının mərd, mübariz, fədakar vətən üçün canından keçməyə hazır olan oğulları dünən olduğu kimi bu gündə var və sabah da olacaq.
Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı qəhrəman xalqdır”.
Söhbəti apardı- Gülnar Əsədli
 Astarainfo.az