Mayın 23-də Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.
 Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki,ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Yeni pul nişanının dizaynı ABŞ şirkəti “Crane Currency” tərəfindən hazırlanıb. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə təqdim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.
Sonra E.Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib.
E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını da təqdim edib. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında müvafiq sərəncamlar imzalayıb.
Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yubileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.
Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub.
Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.
E.Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kolleksiyalarında xüsusi yer tutacağına əminliyini ifadə edib.
Yeni əskinaslar sabahdan dövriyyəyə buraxılacaq.Xezerxeber.az