Mayın 26-da Astara rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri  tədbirdə iştirak etmişlər.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri  ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Sonra tədbir  İcra hakimiyyətinin geniş akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, bu gün əlamətdar bir tədbirə yığışmışıq. Bir neçə gündən sonra, may ayının 28-də Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bununla bağlı sərəncam imzalamış və 2018-ci ili “Cümhuriyyət ili” elan etmişdir.
1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifədir. Azərbaycan Xalq Cümhuriyyəti yaranması ilə irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı.  Təəssüf ki, bu respublikanın ömrü çox qısa oldu. Cəmi 23 ay sonra bolşeviklər tərəfindən işğala məruz qalan ADR süqut etdi.
Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş bayrağı  bir də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olundu. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Sovetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxılaraq həmin bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verildi. Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri Ümummilli Liderin  dərin zəkası, uzaqgörən siyasəti sayəsində qorunub saxlanıldı.
1990-cı illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, naşı siyasəti nəticəsində dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı.
Həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən dahi şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyev xalqın təkidini qəbul edərək hakimiyyətə gəldi. Qısa müddətdə Azərbaycanda qardaş qırğınının qarşısını alıb, Müstəqil Azərbaycan Respublikasını quraraq sabitlik və əmin-amanlığa nail oldu.
Ulu Öndərimizin siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi yerini tutmuş, uğurlu inkişafı təmin edilmişdir.
  AXC-nin tariximizdə tutduğu yerə böyük ehtiram kimi cənab Prezidentin Sərəncamları ilə Bakıda “İstiqlal Bəyannaməsi” abidəsi ucaldılmış, Azərbaycan Dövlət bayrağının şərəfinə Bayraq meydanı inşa olunmuşdur. Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam da dövlətçilik ənənələrimizə və tariximizə diqqətin daha bir nümunəsidir.
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edən, uğurlar qazanan müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra daha böyük nailiyyətlər əldə edəcəkdir. Sizi və bütün xalqımızı bu bayram münasibətilə ürəkdən təbrik edir, müstəqillik bayrağı altında xoşbəxt günlər arzulayıram.
İcra başçısı Azərbaycanın Dövlət Himninin səslənməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ümumrayon tədbirini açıq elan etmişdir.
Astara rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Siyaku kənd tam orta məktəbinin direktoru, “Tərəqqi” medallı  Teymur Fətullayev, Astara Pedaqoji Kollecin tarix müəllimi Elçin Mahmudov, Astara şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Dadaşzadə Fidan və başqaları çıxış edərək  müsəlman şərqində ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, dövlətçilik sahəsində gördüyü işlərdən qürurla danışmış, təqvimin 28 may gününün  tariximizin qızıl səhifəsi olduğunu fəxrlə söyləmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən ümumrayon tədbiri axşam saatlarında yeni salınmış dənizkənarı park-bulvarda konsert proqramı ilə davam etdiriləcəkdir.
Astarainfo.az