Mayın 29-da  şəhər 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda  keçirilən görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov,   Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon icra hakimiyyətinin məsul işçisi Elşad Axundov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, yetkinlik yaşına çatmayanlarla profilaktik təşkili qrupunun polis inspektoru, polis kapitanı  Anar Atakişiyev,  rayon ziyalılar cəmiyyətinin sədri Mircəfər Babazadə iştirak etmişlər. Şəhər 2 saylı tam orta məktəbin direktoru Maya Həsənova rayon polis şöbəsi tərəfindən keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, müzakirə olunan məsələ barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov məktəbli gənclərlə keçirilən görüşlərdə çıxış edərək əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi yolunda onlara uğurlar arzulamışdır. O,  qeyd etmişdir ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyl edən yeniyetmə və gənclərə də təsadüf etmək olur. Odur ki, məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.
Yetkinlik yaşına çatmayanlarla profilaktik təşkili qrupunun polis inspektoru, polis kapitanı  Anar Atakişiyev narkomaniyanın  törətdiyi bəlalar, faciələr, bu xəstəliyə qarşı profilaktik tədbirlərin, xüsusən məktəbli gənclər arasında geniş təbliğat və izahat işlərinin aparılmasının vacibliyini bu sahədə müntəzəm olaraq işlərin təşkilini və davam etdirilməsini xüsusi vurğulamışdır. Pedaqoji kollektivlər məktəbli gənclərin davranışlarını müntəzəm izləməli, siqaret çəkilməsi  və digər xoşagəlməz hərəkətlərə şagirdləri müəyyənləşdirməli və aidiyyəti üzrə vaxtında məlumat verməlidirlər.
Rayon icra hakimiyyətinin məsul işçisi Elşad Axundov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon  veteranlar şurasının sədri Rafiq Əliyev, rayon ziyalılar cəmiyyətinin  sədri Mircəfər Babazadə, çıxış edərək polis işçiləri tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirmiş, onlara təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Məktəbli gənclərlə polis əməkdaşlarının görüşü səmərəli olmuş, valideyn və müəllimlər tərəfindən razılıqla qarşılanmışdır.
  Nicat Raufoğlu
 Astarainfo.az