Mayın 30-da Astara Gənclər evində Astara Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən Astara Pedaqoji Kollecinin tələbələri və ümumtəhsil məktəblilərinin iştirakı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günü” münasibətilə seminar keçirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov və rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev iştirakçıları salamlamış, Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətlərin təşəbbüsü ilə tütünün səbəb olduğu ölüm halları və xəstəliklər, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədi ilə 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü kimi  qeyd edildiyini, tütünün öldürücü təsirləri haqqında faktlar və rəqəmlər, tütünün zərərli tərkibi, tənəffüz sisteminə, həzm sisteminə, ürək-damar sisteminə, sinir sisteminə, reproduktiv sağlamlığa təsiri, passiv siqaretçəkmənin fəsadları haqqında ətraflı məlumat veriblər.
 Seminarda həmçinin qeyd edilmişdir ki, tütünün tərkibində nikotindən başqa  insan orqanizmi  üçün  başqa  təhlükəli  sayılan 7000 -nə  qədər  toksiki-kimyəvi  maddə  var. Bunlardan  19-u güclü kanserogen təsirə malik  olub bədxassəli  şişlərin  yaranmasına  səbəb olur. Nikotin  zəhərli təsiri ilə yanaşı həm də  güclü  asılılıq  yaradır. Gənclər   nikotindən   asılılığa   daha   həssasdırlar.   Hər   gün   1000 gənc nikotinin    təsirindən   siqaretçəkməni  zərərli  vərdişə çevirir. Tədqiqatlar  göstərir  ki,  dünyada  hər  gün  4000  gənc  ilk  dəfə siqaret  çəkir. Bu  ildə 1.5  milyon  gənc  deməkdir. Tütün  məhsulları  hər  6  saniyədə  bir  insanı   öldürür!   Tütündən  baş  verən   ölümlər   nadir   hallarda   kütləvi   informasiya    başlıqlarında əksini  tapır, tütün  məhsulları 20 -ci  əsrdə  100  milyon  insanın  ölümünə  səbəb   olmuşdur.   İndiki   vəziyyət   davam   edərsə   tütün   21  -ci  əsrdə  1  milyard  insanın  ölümü  ilə  nəticələnəcək. O cümlədən tədbirdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası Qanunu haqqında məlumat verilmişdir.
Çıxış edənlər bu kimi halların qarşısının alınması üçün hər kəsi mübarizəyə səsləmişlər.
Sonda iştirakçıların sualları cavablandırılmış və tədbir yekunlaşmışdır.

Elnur Qurbanlı

Astarainfo.az