Astara rayonunda uzunluğu 11 kilometr olan yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolu yenidən qurulur.
Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı kilometrinə çıxışına imkan yaradan yerli əhəmiyyətli Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir.
Layihəyə görə, hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr və 6 metr enində hərəkət hissə daxil olmaqla yolun torpaq yatağının eni 10 metr təşkil edəcək.
Bunun üçün yolboyu 10 min kubmetr həcmdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 84 min kvadratmetr sahədə yolun profilə salınması işləri görülüb və yeni yol yatağı inşa olunub. Ardınca yol əsasının alt layının qum-çınqıl qarışığı ilə təqribən 94 min kvadratmetr sahədə tikintisi aparılıb. Hazırda optimal-qırmadaş qarışığından 16 santimetr qalınlıqda əsasın üst layının inşası işləri görülür.
Bundan başqa, tikinti layihəsi çərçivəsində yolun altından suların ötürülməsi məqsədilə 500 və 750 millimetr diametrli 80 poqonmetr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb, 10 poqonmetr uzunluğa malik 1 ədəd dördbucaqlı su keçidinin inşası isə davam etdirilir.
Torpaq işləri yekunlaşdıqdan sonra 68 min kvadratmetr sahədə 2 laydan ibarət 12 santimetr qalınlıqda iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Həmçinin 16,5 min kvadratmetr sahədə çiyin hissələrinin bərkidilməsi, zəruri olan yerlərdə 100 kubmetr həcmdə istinad divarlarının və 62 kubmetr küvetlərin dəmir-betonla tikilməsi də nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin payız aylarında başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd olunub ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.AZƏRTAC