Xəzər Universitetində tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun adını daşıyan Konfrans-Konsert Mərkəzinin və görkəmli bəstəkarın barelyefinin açılışı olub. Açılış mərasimində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edib.
Qeyd olunub ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. Fikrət Əmirovun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Sevil” operaları sənətkara böyük şöhrət qazandırıb.
Fikrət Əmirovun müxtəlif janrlarda bir-birindən əsrarəngiz musiqi əsərləri yaratdığını bildirən Hamlet İsaxanlı deyib ki, bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona populyarlıq qazandırıb. O, bir sıra məşhur mahnıların, həmçinin dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində Fikrət Əmirov balet sənəti sahəsində daha çox işləyib. O, 1973-cü ildə “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağıllarının motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet dünyada sənətkarın adını dillər əzbəri edib. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.
Tədbir Xəzər Universitetinin kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.AZƏRTAC