1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.
Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.
 Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.
Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi,  mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib.  Bununla da ordumuz daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı  və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa  kəndində  (10 sentyabr 1946-cı ildə ermənilər adını dəyişdirərək “Areni” qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 km yeni yol çəkilmiş, 60 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili  üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.
26 illik həsrətdən sonra dünən günnütlülər maşın karvanı ilə  doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri   əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər.
Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.NUHÇIXAN