Astara rayon Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Azərbaycanı xilas etmiş böyük Qurtuluş” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə RİH-nin baş məsləhətçisi Mirzə Bayramov, rayon Tarix-Diyarşünaslıq muzeyinin kollektivi və M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon MKS-nin direktoru Tural Eyvazov milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşıladığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. T.Eyvazov bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını qeyd edib.
Tədbirdə məruzə ilə Mərkəzi Kitabxananın şöbə müdiri Nərgiz Məhərrəmova çıxış edib. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini söyləyən N.Məhərrəmova Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz ulu öndərin adı ilə bağlı olduğunu bildirib.
Tədbirdə rayon Tarix-Diyarşünaslıq muzeyinin fond mühafizi Şahin Əliyev, kitabxanaçı Aysel Əhmədova çıxış ediblər. Bildirilib ki, məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi və bugünkü güclü Azərbaycanın təməlində qurtuluş məfkurəsi dayanır.
Natəvan Mədətzadə
Astarainfo.az