İyunun 14-də Astara rayonundakı ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
1 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Astara Rayon İcra Hakimiyyətinin  məsul işçisi Mirzə Bayramov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, müəllimlər, şagirdlər, valideyinlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Xədicə Əliyeva məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Xədicə Əliyeva Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib və builki məzunlara  ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Bayramov Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin təbrik məktubunu məzunlara çatdıraraq xoş arzularını bildirib.
Daha sonra çıxış edən “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıb.
Çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.
Bir qrup müəllim və şagirdlər məktəbin ictimai işlərində fəallıq göstərdiklərinə görə fəxri diplomlara layiq görülüblər.
“Son zəng” tədbiri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.

Astarainfo.az