İyunun 21-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin  Şiyəkəran kəndində keçirdiyi səyyar qəbul və görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şiyəkəranda və ətraf kəndlərdə sakinlərlə dəfələrlə görüşdüyünü, qaldırılan problemlərin, verilən təkliflərin həlli istiqamətində görülən işləri diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, rayonun imkanları ilə həlli mümkün məsələlər icra edilmiş, digər məsələlər barədə aidiyyəti üzrə müraciətlər olunmuşdur. Kəndin əsas sosial məsələlərindən olan yolların asfaltlaşdırıldığını, qazlaşdırmanın başa çatdırıldığını, Şiyəkərən kənd 2 saylı tam orta məktəbi üçün müasir tipli binanın tikildiyini, Pensərçay üzərində körpü inşa edildiyini bildirmiş, qarşıda duran vəzifələr barədə məlumat verərək iştirakçıları yeni təklif və rəylərini bildirməyə dəvət etmişdir.
Kənd sakinlərindən Zöhrab Babayev, Mehman Əliyev, Həbib Həbibov, Kazım Əliyev, Yunus Qulamov və başqaları çıxış edərək möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişafın bütün sahələrində yüksək nailiyyətlər qazanıldığını, əhalinin rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlərin görüldüyünü diqqətə çatdırmış, geniş abadlıq və quruculuq işlərinə görə ölkə Prezidentinə dərin təşəkkür və minnətdarlığını ifadə etmişlər. Onlar elektrik xətt təsərrüfatının təmirinin sürətləndirilməsi, Şiyəkəran kənd 1 saylı tam orta məktəb binasının əsaslı təmiri, Pensərçay üzərində mövcud körpünün yenidən qurulmasına köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirərək qeyd etmişdir ki,  Şiyəkəran kənd 1 saylı tam orta məktəb binası tikintiyə salınsa da, bunun qarşıdakı illərdə reallaşacağını nəzərə alaraq cari təmirə salmışıq. Hazırda işin icrasına başlanmışdır. Respublikada və rayonda ilk növbədə daha çox qəzalı vəziyyətdə olan məktəblərin tikintisi həyata keçirilir ki, bu da normaldır. Yaxın gələcəkdə Şiyəkəran kənd 1 saylı tam orta məktəbi üçün də yeni bina tikiləcəkdir. Rayonun bir neçə yaşayış məntəqələrində elektrik xətt təsərrüfatının tamamilə yenidən qurulmasına başlanılmış, tədricən bütün kəndlər əhatə olunacaqdır. Çay üzərindəki qəzalı körpü ilə əlaqədar aidiyyəti üzrə müraciət olunmuşdur, yaxın zamanlarda tədbir görülməsi gözlənilir. Digər məsələlərin də həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üçün lazımi köməklik göstəriləcəkdir.
İcra başçısı ölkədə bütün sahələrdə baş verən yeniliklərin, yüksək inkişafın kökündə, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla həyata keçirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin möhkəm iradəsinın, əzmkarlığının, ölkədə yaratdığı sağlam ictimai-siyasi mühitin, əmin-amanlığın durduğunu diqqətə çatdırmışdır. Yalnız bu halda müstəqilliyini yeni qazanmış bir dövlətin tərəqqisi mümkündür. Rayonumuzun ən ucqar yaşayış məntəqələri olan Sım, Pəlikəş, Hamoşam, Toradi kəndlərinə çəkilən asfalt yollar, tikilən məktəblər, şəhərdə salınan park-bulvar kompleksi və digər quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərir. Təkcə rayonumuzda həyata keçirilən sosial layihələrin miqyasına baxanda, ümumilikdə ölkədə nə qədər böyük işlərin görüldüyü aydınlaşır. Bu abadlıqlar ilk növbədə respublikamıza,  rayonumuza turistlərin, xarici qonaqların gəlişini artırmaqla, əhalinin yaşayışına müsbət təsir göstərəcəkdir.
İcra başçısı Şiyəkəran kəndində kənd təsərrüfatı sahələrinin inkişafı üçün münbit şəraitin olduğunu diqqətə çatdırmış, insanların torpağa qayıdışının vacibliyini bildirmişdir. Qeyd etmişdir ki, bu sahədə görülən işlər ürəkaçan olsa da, görüləsi işlər daha çoxdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda əkinə yararlı bütün torpaqların dövriyyəyə qaytarılmasına maksimum səy göstərməliyik. Bu sahədə tərəfimizdən mümkün olan bütün köməkliklər göstəriləcəkdir.
Prezident seçkilərində göstərdikləri yüksək fəallığa, mütəşəkilliyə görə, eyni zamanda tərəqqiyə, inkişafa səs verdikləri üçün sakinlərə minnətdarlığını bildirən icra başçısı, müstəqil Azərbaycanımızın inkişafı naminə bu birliyi daim qorumağın vacibliyini diqqətə çatdırmışdır.
Astarainfo.az