????????????????????????????????????
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Astara rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən “Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək” layihəsi çərçivəsində Astara rayonun Kijəbə qəsəbəsi və Səncərədi kəndində məlumatlandırma sessiyası təşkil edilmişdir. Məlumatlandırma sessiyalarında ümumilikdə 40 nəfərdən çox sahibkar, bələdiyyə, kənd ərazi dairəsi üzrə icra nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə, layihənin donoru və təşkilat haqqında, daha sonra turizm mövzusuna giriş edərək bu sahədə Dövlət tərəfindən görülən işləri, Astara rayonunda aqroturizm prespektivləri və bu turizm növünün yerli əhalinin məşğulluğu baxımından əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.
Layihədə ekspert qismində çıxış edən Rafət Şirəliyev aqroturizm haqqında geniş məlumat verərək bu turizm növünün sosial, iqtisadi, mədəni faydalarını, bu sahədəki beynəlxalq təcrübəni ayrı-ayrı ölkələrin simasında iştirakçılara təqdim etmiş, Astara rayonun aqroturizm potensiyalını və qanunvericilikdən irəli gələn məsələləri onlarla birgə müzakirə etmişdir.
Tədbir iştirakçılarından Sədail Qasımov, Vüsal Babayev, Fəzail Abbasov, Aynur Həbibova, Namiq Orucov və digərləri layihənin əhəmiyyətindən söz açaraq, arıçılıq, sitrus meyvəçiliyi, çəltikçilik, heyvandarlıqda mövcud vəziyyətlə bağlı fikirləri bildirib, təkliflər irəli sürdülər. Astara rayonunda qeyd olunan kənd təsərrüfatı məhsullarının mövcud olmasının aqroturizm imkanlarının genişlənməsinə və bu sahədə məşğulluğun artamsına imkan yaradacağına əmin olduqlarını bildirdilər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd aqroturizm sahəsində əhali arasında maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.

Asim Yusifov

Astarainfo.az