Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı ilk gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır. Ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması Bilik Fondunun əsas missiyasıdır.
 Azərbaycanın 7 bölgəsində Fondun 76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi, yeniyetmə və gənclərin elmi biliklərinin artırılması ilə bağlı bir sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olaraq mühazirə və təlimlərin müasir tələblərə uyğun keçirilməsini təmin edirlər.
Bölgə ziyalısına, məktəblisinə və gəncinə daha yaxın olmaq üçün 2015-ci ildən etibarən yerlərdə Bilik evləri fəaliyyət göstərir. Artıq Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı, Ağstafa, Astara, Ağdaş, Tərtər Bilik evləri əhalinin üz tutduğu müqəddəs məkana – maarif ocağına çevrilib. Bilik evləri xüsusilə ali təhsil ala bilməyən gənclərin inkişafında müstəsna rol oynayır, burada gənclər üçün ədəbi yaradıcılıq, müxtəlif peşələr üzrə hazırlıq kursları, ingilis və rus dilləri, həmçinin kompüter texnologiyaları və kargüzarlıq işi, bələdçilik, toxuculuq və dekorativ tətbiqi sənət, xalçaçılıq, rəssamlıq üzrə ödənişsiz əsaslarla təlim kursları və dərnəklər təşkil olunur.
Dinləyicilərə yüksək ixtisaslı mütəxəssislər dərs deyirlər. İxtisasla yanaşı, bütün müdavimlər ölkənin daxili və xarici siyasəti, Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyir, dəyirmi masalarda və disputlarda, kitab təqdimatları və intellektual müsabiqələrdə iştirak edirlər. Bilik evlərində təhsilini uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunur.
Bilik Fondu təlim kurslarını və dərnəkləri tədris vəsaitləri, dərsliklər, əyani vəsaitlər, məlumat ədəbiyyatı və danışıq kitabçaları ilə təmin edir.
Hər bir Bilik evində mütəmadi olaraq sosial sifariş üzrə təlim olunacaq ixtisaslar dəyişdirilir, yenilənir. Maarifləndirici fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsi və Bilik evlərində yerli əhalinin istək və arzularının nəzərə alınması üçün sosial sifarişin öyrənilməsi və təkmilləşdirilməsi məqsədilə Fondun İnformasiya təminatı sektorunun nəzdində Sosioloji Sorğu Mərkəzi yaradılıb. Mərkəz vaxtaşırı əhali arasında müxtəlif sorğular keçirməklə sosial sifarişin öyrənilməsinə yardım edir.
Fondun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik evlərində təlim kursları və dərnəklərlə yanaşı, əhalinin maarifləndirilməsi, gənclərin elmi biliklərinin, müxtəlif peşə və ixtisaslara maraqlarının artırılması, onların asudə vaxtının səmərəli təşkili və məşğulluğuna dəstək verilməsi məqsədilə aktual mövzularda mühazirələr və təlimlər, müzakirələr və təqdimatlar, tanınmış elm adamları, təhsil işçiləri və mədəniyyət xadimləri ilə görüşlər və dəyirmi masalar təşkil olunur.
Bu günlərdə Nardaran, Qax, Şəmkir və İsmayıllı Bilik evlərində “Kompüter texnologiyaları və kargüzarlıq işi”, Oğuz Bilik evində “Bələdçilik” və “Rus dili” üzrə təlim kursunu bitirən 80-dən çox gəncə sertifikatlar təqdim olunub.
Dinləyicilər Bilik evlərində ödənişsiz əsaslarla belə kursların təşkil olunmasını yerli gənclərin fəaliyyətinə dəstək kimi qiymətləndirirlər. Onlar gələn tədris ilində də müxtəlif sahələr üzrə təlimlərdə və dərnəklərdə iştirak etmək arzularını dilə gətirirlər.
Bununla yanaşı, “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində ölkəmizdə yaşayan rusdilli əhali üçün artıq üç ildir ki, ödənişsiz Azərbaycan dili kursları fəaliyyət göstərir. Bakıdakı Jen Mironosets və Mixail Arxangel kilsələrində, “Sodrujestvo” İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadığı Nic qəsəbəsindəki Cotari Alban-Udi kilsəsində dövlət dili tədris olunur. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. İndiyədək kursu bitirən yüzdən çox dinləyiciyə sertifikatlar təqdim olunub. Onların içərisində 18 yaşından tutmuş 80 yaşınadək rusdillilər var.
Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil olunur, rusdilli vətəndaşlar teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.
Hazırda Fondun dəstəyi ilə Oğuz Bilik evində fəaliyyət göstərən “Ədəbi yaradıcılıq”, Şəmkir Bilik evində “Toxuculuq” və “Dekorativ tətbiqi sənət”, Astara Bilik evində “Toxuculuq”, “Ədəbi yaradıcılıq”, “Rəssamlıq”, Ağdaş Bilik evində “Rəssamlıq”, “Toxuculuq və xalçaçılıq” dərnəklərində gənclər sənətin müxtəlif sahələrinin incəliklərini peşəkarlardan öyrənirlər(Trend)