Dövlət İmtahan Mərkəzinin bu il təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Masallı sakinidir.
İmtahan zamanı 125 sualın hamısını düzgün cavablandıraraq bölgədə ilk dəfə 700 bal rekorduna imza atan Masallı rayonunun Gəyəçöl kənd sakini Fəyyaz Aslanlı olub.
Ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında cənub bölgəsi üzrə maksimum nəticə göstərən F.Aslanlı ilk qəbul imtahanında 644, növbəti mərhələdə isə 700 bal toplayıb.
O, ailəsinə və müəllimlərinə bu sevinci yaşatdığı üçün özünü şanslı hesab edir: “Qürur hiss keçirirəm. Çəkdiyim zəhmət hədər getmədi. Cənub bölgəsində ən yüksək balı mən topladım”.
Müəllimləri də hər zaman öz üzərində çalışan Fəyyazın dərin biliyinə və geniş dünyagörüşünə görə uğur qazanacağına inanıblar. Müəllim Rasif İsrafilov deyib: “Gəyəçöl məktəbinin pedaqoji kollektivi Fəyyazın uğuruna sevinir. O, bizim etimadımızı doğrultdu”.
Fəyyaz Aslanlı təhsil alacağı ali məktəbi də seçib. O, təhsilini Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində davam etdirəcək.(AZƏRTAC-Bağır Əliyev)