“Qarabağ”ın “Bursaspor”dan heyətinə qatdığı Con Delarj müsahibə verib.
Astarainfo.az Milli.Az-a istinadən xəbər verir ki, “Ağdam” klubuna keçidindən danışan konqolu hücumçu maraqlı fikirlər səsləndirib.
– Əvvəlcə “Qarabağ”a keçidinizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…
– Həqiqətən də, “Qarabağ”a keçdiyimə görə çox sevinirəm. Bu komandaya tarix yazmağa gəlmişəm.
– Transferiniz necə gerçəkləşdi?
– Hər şey çox ani oldu. Detalları sizə deyə bilmərəm. Amma onu deyim ki, bu keçiddən hər iki tərəf məmnun qaldı.
– “Qarabağ”dan təklif alana qədər bu komanda haqda nəsə bilirdiniz?
– Əlbəttə, müəyyən məlumatlarım var idi. Hətta Çempionlar Liqasında iştirak etməsindən də xəbərdar idim. Gəldiyim klubu tanıyıram. Bilirəm ki, “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır.
– “Qarabağ”dan başqa, digər təklifləriniz də var idi?
– Bəli, bir neçə klubdan da təklif almışdım. Amma seçimim “Qarabağ” oldu.
– Niyə məhz “Qarabağ”?
– “Qarabağ”ı ona görə seçdim ki, bu, mənim yenidən Çempionlar Liqasında oynamağım baxımından əla imkandır. Ümumiyyətlə, düşünürəm ki, “Qarabağ” futbol oynamaq üçün yaxşı komandadır.
– “Qarabağ”dan təklif gələndə bu komanda barədə, Azərbaycan futbolu haqda maraqlandınız?
– Təbii ki, bəzi insanlardan bilməli olduğum bütün vacib məlumatları soruşdum. Danışdığım şəxslər də “Qarabağ”la bağlı hiss etdiklərini təsdiqlədilər. Bu, həqiqətən də çox yaxşı komandadır.
– Yeni komandanıza nə vaxt qoşulacaqsınız?
– Ən qısa zamanda. Bu həftə ərzində artıq komandanın düşərgəsində olacağam.
– “Kukesi” ilə Bakıda keçiriləcək cavab matçında oynamaq şansınız var?
– Ümid edirəm ki, oynayacağam. Amma görək, necə olur. Əgər həmin matçda oynamaq imkanı qazansam, komandaya kömək etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.