Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 6-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
DİM-dən bildiriblər ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və 2018-ci ilin iyulun 29‑dan avqustun 1‑dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz, Şirvan şəhərlərində təşkil olunub.
İmtahan bütün binalarda saat 11.00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 214 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.(AZƏRTAC)