Astara rayonunda çəltik yığımına başlanılıb. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub.
Bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili məhsuldarlığa bir o qədər təsir etməyib.
Ötən il rayonun çəltik sahələrinin hər hektarından 40,3 sentner məhsul götürülüb. Bu il də məhsuldarlığın 40 sentnerdən yuxarı olması gözlənilir.
2017-ci ildə 447,55 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri genişləndirərək 450 hektara çatdırıblar.
Builki əkin mövsümündə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Şiyəkəran, Pensər kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşimi”, “Sədri”, “Apula, “Şiruzi”, “Xəzər”, “Okean və “Həsəni” kimi toxum sortlarına üstünlük veriblər.
Biçinə kifayət qədər texnika cəlb olunsa da, son günlər yağan yağışlar nəticəsində sahələr hələ tam qurumadığından kombaynçıların işi bir qədər çətinləşib.
Rayonda çəltik sahələrinin genişləndirilməsi düyünün satış qiymətinə də təsir edib. Hazırda Astara düyüsünün bir kiloqramının qiyməti 1,5 – 3,5 manatdır.
Qeyd edək ki, ötən il Astara rayonunda 1802 ton düyü məhsulu istehsal olunub. Bu il bu rəqəmin 1815 tona çatdırılması nəzərdə tutulub.(AZƏRTAC)