Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsi, şəhər ərazi icra nümayəndəliyi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən minifutbol üzrə rayon birinciliyi başa çatıb.
On bir gün davam edən yarışda 18 komanda dörd qrupda qələbə uğrunda mübarizə aparıb.
Öz qruplarında birinci və ikinci yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar.
Rayon birinciliyinin yarımfinal mərhələsində “Əhməd” – “Ərçivan”, “Suparibağ” – “Ojəkəran” komandaları qarşılaşıblar. “Ərçivan” komandası rəqibinə 3:0, “Ojəkəran” komandası isə “Suparibağ” komandasına 1:0 hesabı ilə qalib gələrək finala yüksəliblər.
Finalda daha inamlı oyun nümayiş etdirən “Ərçivan” komandası 3:1 hesabı ilə “Ojakəran”a qalib gələrək rayon birinciliyinin qalibi olub.
Rayon birinciliyinin yekun nəticələrinə əsasən Ağababa Rzayev “Ən yaxşı hücumçu”, Qəhrəman Mirzəyev isə “Ən yaxşı qapıçı” kimi fəxri fərmanlara layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev rayonda bədən tərbiyəsi və idmanın inkişafı, futbol idman növünün təbliği və kütləviliyinin artırılması, perspektivli futbolçuların aşkar edilməsi, rayon yığma komandasının yaradılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili sahəsində görülmüş işlərdən danışıb, futbolçulara yeni-yeni qələbə sevincləri arzulayıb.
Elnur Qurbanlı
Astarainfo.az