Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Astara rayonunda “Açıq hökumət prinsiplərinin təbliği və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində gənc dövlət qulluqçuları üçün seminar təşkil edib.
Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə bu layihə“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin Sərəncamına dəstək olaraq keçirilir. Layihənin əsas məqsədi Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində gənc dövlət qulluqçuları və maraqlı tərəflər arasında təbliğat işini gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Astara rayonunun müxtəlif dövlət qurumlarında çalışan 20 nəfər gənc dövlət qulluqçusu üçün maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin dövlət qulluqçuları üçün əhəmiyyətindən, E-Hökumətlə bağlı görülmüş işlərdən, Asan Xidmət modelindən, digər elektron xidmətlərdən söz açıb. Qeyd edib ki,  elektron xidmətlərin tətbiqi dövlət qurumları ilə vətəndaşlar arasındakı məsafəni maksimum azaldır və şəffaflığın təmin olunmasında böyük rol oynayıb. Daha sonra E-Hökumətlə bağlı hazırlanmış video çarx iştirakçılara nümayiş olunub və onun ətrafında müzakirələr aparılıb.
Tədbirin eksperti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ehtiram Fəttayev tədbiri davam etdirərək Açıq Hökumətin təşviqi prosesində dövlət qulluqçularının rolundan, şəfafflığın təmin olunmasında və  korrupsiyanın qarşısının alınması istiqamətində dövlət qulluqçularının  səylərinin daha da gücləndirilməsinin vacibliyindən bəhs edərək geniş müzakirə və fikir mübadiləsi aparıb. İnteraktiv müzakirələr zamanı dövlət qulluqçuları tərəfindən maraqlı fikirlər və təkliflər səsləndirilib.
Layihə çərçivəsində E-Hökumətlə bağlı hazırlanmış  video çarx youtube kanalına yüklənmiş və sosial şəbəkələrdə yayımlanıb. Mövzu ilə əlaqəli daha çox insanların maarifləndirilməsi üçün 750 ədəd buklet nəşr edilib və tədbirlər zamanı paylanılacaqdır.
Silsilə seminarlar və dəyirmi masalar növbəti günlərdə Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarında da davam etdiriləcəkdir.
Astarainfo.az