Astara Uşaq-Gənclər İdman Şahmat Məktəbində kişilər və qadınlar arasında Azərbaycan birinciliyinin seçmə yarışları başa çatıb.
Doqquz gün davam edən yarışda ölkəmizin 15 şəhər və rayonunu təmsil edən 29 kişi və 6 qadın şahmatçı qələbə uğrunda mübarizə aparıb.
Respublika birinciliyində kişilər İsveçrə, qadınlar isə dairəvi sistem üzrə yarışıblar.
Yarışlarda daha çox xal toplayan Kənan Əhədzadə (Lənkəran) birinci, Hacıəli Əhədzadə (Lənkəran) ikinci, Ərəstun Mustafayev (Masallı) üçüncü yerə sahib olublar.
Qadınlar arasında isə Jalə Babazadə (Lənkəran), Aytən Səfərova (Neftçala) və Aygül Heybətova (Şabran) fərqləniblər.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında kişilər arasında birinci, ikinci və üçüncü yerləri, qadınlar arasında isə birinci yeri tutan şahmatçı 2019-cu ildə Azərbaycan çempionatının birinci dəstəsində iştirak etmək hüququ qazanıb.(AZƏRTAC)