Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının psixokorreksiya sahəsində bilik və bacarıqlarının  artırılması” layihəsi çərçivəsində 2  günlük qeyri-formal təlim kursları uğurla başa çatmışdır.
Layihənin rəhbəri Fərrux Əliyevin verdiyi məlumata görə, layihənin əsas məqsədi Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasına yardımçı olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün Lənkəranın müxtəlif məktəblərində çalışan 25 nəfər məktəb psixoloqu bir araya gələrək rayonda yerləşən 4 saylı Humanitar Təmayüllü Məktəb-liseydə 2 günlük maarifləndirici təlim kursunda iştirak etmişdir.
 28-29 avqust 2018-ci il tarixlərində  keçirilən təlimdə  təlimçi-psixoloq, Elnarə Baxışlı tərəfindən  məktəb psixoloqlarına, müasir praktik psixoloji xidmətin tərkib hissəsi olan psixokorreksiyanın metod və vəzifələri, korreksiyaya ehtiyacı olan müxtəlif problemlər və onların aradan qaldırılması üçün tətbiq olunan üsullar və psixoterapiya texnikaları tədris edilərək təlimin yekun qiymətləndirilməsi aparılmışdır. Təlimdə iştirak edən təhsil üzrə ekspert Rövşən Bağırov iştirakçılara Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi və onun təhsil işçiləri üçün əhəmiyyətindən, layihələrin yazılması və idarə olunması habelə müraciət qaydaları haqqında geniş məlumat vermişdir.
Təlimdə müxtəlif problemli situasiyalar üzrə praktiki  konsultasiyalar aparılmış və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları, kimi müasir təlim üsullarından geniş istifadə olunmuşdur.
Daha çox psixoloqlarının maarifləndirilməsi üçün 1500 ədəd buklet çap edilərək paylanılmışdır.
Kursun sonunda hər bir iştirakçıya Lənkəran şəhər Təhsil Şöbəsi tərəfinfən Sertifikat təqdim olunmuşdur.
Astarainfo.az