Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında II tur matçına çıxıb.
Milli komanda D Liqasında 3-cü qrupun oyununda Maltanın qonağı olub. Ta Qali Milli Stadionunda keçirilmiş görüş bərabərliklə nəticələnib – 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində rəqib futbolçuya etdiyi kobudluqdan sonra penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi bərabərlik qolunu 26-cı dəqiqədə vurub. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı Endryu Hoqq topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib. Bu, “Qəbələ”dən dəvət almış cinah oyunçusunun millidə ilk qolu olub. Xəlilzadə yığmada fərqlənən 62-ci futbolçu kimi tarixə düşüb.
Bundan az sonra qonaq komanda daha bir zərbə alıb. Sağ cinahda çıxış edən Pavlo Paşayevin qarşısı kobudluqla alınıb. Nəticədə Paşayev zədələnərək, oyuna davam edə bilməyib. O, 34-cü dəqiqədə yerini Ürfan Abbasova verib. Digər əvəzləmələr isə fasilədən sonra gerçəkləşdirilib. 56-cı dəqiqədə Cavid İmamverdiyev Emin Mahmudovu, 68-ci dəqiqədə Ramil Şeydayev Rauf Əliyevi əvəzləyib.
Kosovo ilə ilk tur matçında olduğu kimi, bu dəfə də Azərbaycan millisi ikinci hissədə daha fəal təsir bağışlayıb. Baş məşqçi Qurban Qurbanov ötən oyunla müqayisədə start heyətdə etdiyi 3 dəyişiklik – Ürfan Abbasovu Təmkin Xəlilzadənin, Ruslan Qurbanovu Dmitri Nazarovun, Ramil Şeydayevi isə Rauf Əliyevin əvəzləməsi də öz sözünü deyib. Heyət daha çox hücumameylli oyunçulardan qurulsa da, çoxsaylı hücumu məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. Beləliklə, ardıcıl ikinci görüşdə qələbə qazanmaq mümkün olmayıb.
Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.
Qeyd edək ki, qarşılaşmanı AFFA-nın prezidenti Rövnəq Abdullayev başda olmaqla, milli assosiasiyanın rəsmiləri, eləcə də bir qrup azərbaycanlı azarkeş də izləyib.
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
II tur
22:45. Malta – Azərbaycan – 1:1
Qollar: Andrey Acus, 10 (p.) – Təmkin Xəlilzadə, 26
Baş hakim: Nikola Dabanoviç
Yan xətt hakimləri: Milutin Cukiç, Yovitsa Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hakimlər briqadası Montoneqrodandır)
Hakim-inspektor: Luk Vilymas (Lüksemburq)
UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)
Malta. Ta Qali Milli stadionu.

***23:16
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyununda hesab bərabərləşib.
 Azərbaycan millisinin oyunçusu Təmkin Xəlilzadə qarşılaşmanın 26-cı dəqiqəsində komandanın cavab qolunu vurub: 1:1.
Qarşılaşmanın 10-cu dəqqiqəsində Bədavi Hüseynovun kobud oyununa görə, millimizin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Andrey Aqus dəqiq yerinə yetirərək hesabı açıb.
Maltadakı Ta Qali milli stadionunda keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir.
Matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.
Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Acus, 6. Rayan Fenek, 8. Pol Fenek, 9. Maykl Mifsud (k.), 10. Andre Şembri, 13. Jozef Mbonq, 14. Jan-Pol Farruciya, 17. Rayan Kamilleri
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Rauf Əliyev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov( Report)