Hər gün telekanallarda, sosial şəbəkələrdə cinayət və oğurluq hadisələri ilə bağlı müxtəlif xəbərlər eşidirik. Kimisi bu cinayət əməlini işlədiyinə görə peşiman olduğunu bildirir, kimisi də səhvini etiraf etmək istəmir.
Bəzi hallarda könüllü polisə gəlib özü təslim olan, təqsirini boynuna alanlar da olur. Bəs bu halda onlara güzəşt edilə bilərmi, qanunvericilikdə bunlar nəzərdə tutulubmu?  Bu məqam Cinayət Məcəlləsində nəzərdə tutulub.
Məcəllənin “Cəzanı yüngülləşdirən hallar” bölməsində bu məsələyə aydınlıq gətirilib.
Həmin hissədən bəzi önəmli məqamlara – cəzanı yüngülləşdirən hallara diqqət yetirək:
1. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədildikdə.
2. Cinayət yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə.
3. Cinayət hamilə qadın tərəfindən törədildikdə.
4. Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaq olduqda.
5. Cinayət ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədildikdə.
6. Cinayət fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədildikdə.
7. Cinayət zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədildikdə.
8. Cinayət zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədildikdə.
9. Cinayət anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədildikdə.
10. Şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etdikdə.
11. Cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərər azaldıldıqda.
12. Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edildikdə.
13. Cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə və ya aradan qaldırıldıqda.
14. Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənildikdə və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər edildikdə.
Qeyd edək ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.(Yeniavaz.com)