Azərbaycan Türkiyə qardaşlığı əbədidir.
Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 ili tamam olur. Bu tarixi qələbədə Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdələrindən olan Nuru Paşanın müstəsna rolu olmuşdur. Qafqaz islam Ordusu Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin Azərbaycan türk-müsəlman  əhalisinə qarşı həyata keçirdiyi kütləvi soyqırımının qarşısını almaq, Azərbaycan xalqının müstəqilliyini qazanmaq üçün Osmanlı Türkiyəsi və Azərbaycan Silahlı Qüvvələrindən təşkil olunmuş hərbi struktur kimi tarixə düşmüşdür. Bu xilaskar ordu Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərmişdir. Azərbaycan hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun türk və Azərbaycan hərbi qüvvələri daşnakların tərksilah edilməsində, respublikamızın ayrı-ayrı bölgələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərmişlər.
 Lənkəran-Astara bölgəsində baş verən  belə döyüşlərdən birində türk zabiti Yusif Camal bəy azərbaycanlı igidlərlə birlikdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Pensər kəndindəki “Hacı Teymur” cümə məscidinin həyətində dəfn olunan türk şəhidinin məzarı uzun illərdir ki, yerli əhalinin və turistlərin ziyarətgahına çevrilmişdir.
 Sentyabrın 15-də Pensər kəndində Qafqaz İslam Ordusu tərəfindən xəyanətkar daşnakların quldur dəstələrinin tərksilah və  Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Rayon ictimaiyyətinin, ziyalıların və ümumtəhsil məktəblərinin kollektivlərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublika Prezidenti Yanında  “Bilik Fondu”nun Astara “Bilik Evi”nin mühazirəçisi, filologiya elmləri doktoru Mehman Qaraxanoğlu açmışdır. Astara Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar  məsələlər  üzrə müavini Qızbəs Məmmədova, Pensər kənd 2 saylı tam orta məktəbin direktoru Faiq Həsənov, tarix müəllimi Yədulla Mirzəyev çıxış edərək xəyanətkar S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində  Qafqaz İslam Ordusunun oynadığı mühüm rolundan ətraflı söhbət açmışlar. Qeyd olunmuşdur ki, respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Astara-Lənkəran bölgəsində, xüsusən Pensər kəndi ərazisində türk zabitləri ilə birlikdə yerli əhalinin fəal iştirakı ilə ermənilərə qarşı qətiyyətli döyüşlər aparılmış və uğurlar qazanılmışdır. Pensər kənd ağsaqqalı Hacı Osman türk zabiti Yusif Camal bəylə birlikdə  könüllülərdən ibarət yerli döyüşçülərin səfərbərliyə alınmasında və xəyanətkar qüvvələrə qarşı qətiyyətli mübarizə aparılmasında fəallıq göstərmişlər. Təsadüfi deyildir ki, Pensər kəndinin mərkəzində Hacı Osmanın atasının adını daşıyan “Hacı Teymur” cümə məscidinin həyətində türk zabiti Yusif Camal bəyin və Hacı Osmanın məzarları yerli əhalinin müqəddəs ziyarətgahına çevrilmişdir.  Rayon ictimaiyyətinin nümayəndələri müntəzəm olaraq bu məzarları ziyarət edir, Türkiyə – Azərbaycan qardaşlığının  bariz nümunəsi kimi Yusif Camal bəyin qəhrəman Azərbaycan əsgərləri ilə birlikdə göstərdikləri misilsiz şücaət barədə ürək sözlərini ifadə edirlər.
Bu il sentyabrın 15-də Pensər kəndində şəhid türk zabitinin məzarının ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilməsi,  tər gül dəstələrinin qoyulması, Azərbaycan – Türkiyə qardaşlığına həsr olunmuş  şeirlərin səslənməsi bir daha sübut edir ki, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda canlarını fəda edənlərin xatirəsi heç vaxt unudulmur, daim əziz tutulur.
 Bir millət iki dövlət olan Azərbaycan – Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.

Astarainfo.az