53 yaşım var, ikinci dərəcəli əmək əliliyəm. Şəhid ailəsiyəm. Yoldaşım Firudin Allahverdiyev 2002-ci ildə cəbhənin Beyləqan istiqamətində gedən döyüşlərdə həlak olsa da, qızlarımı oxudaraq onların xalqımıza, dövlətimizə gərəkli vətəndaş olmasına çalışdım. Hazırda hər iki qızım müəllim kimi fəaliyyət göstərərək millətimizin balalarının təhsilli vətəndaş kimi yetişməsinə çalışırlar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Astara rayonunun Ərçivan qəsəbə sakini Atifə Əsədullayeva danışıb.
Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razı qaldığını bildirən astaralı valideyn ailəsinə atalıq qayğısı göstərən dövlətimizin başçısına minnətdarlığını bildirib: “Dövlətimizdən, hökumətimizdən çox razıyam. Böyük qızım Nuran Əsədullayeva evlidir, bir uşağı var. Kakalos kənd 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. İkinci qızım Fatimə Allahverdiyeva Astara şəhər 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimidir. Hər iki qızım müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək bal toplayıb. Mən onlarla fəxr edirəm. Xoşbəxtəm ki, Azərbaycan kimi gözəl bir ölkədə yaşayıram”.