Təhsil məsələləri hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlər təhsilin inkişafının dövlət siyasətinin əsas prinsiplərindən olduğunu bir daha təsdiqləyir. Bu prosesi nəinki paytaxtda, həm də bölgələrdə, o cümlədən Astara rayonunda aydın müşahidə etmək mümkündür.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Astara rayonunun Maşxan kənd tam orta məktəbinin direktoru Bəylər Həsənov bildirib.
Son illər rayonda 40 yeni məktəb binasının tikildiyini, 15 məktəb binasının əsaslı təmir olunduğunu deyən Bəylər Həsənov məktəblilər üçün yaradılan şəraitin təhsilin keyfiyyətinə də təsir etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, rəhbərlik etdiyi məktəbi bu il 32 məzun bitirib. Onlardan 10 nəfəri ali məktəblərə, 6-sı isə kolleclərə qəbul olunub. Məzunlardan biri 600-dən, 4-ü isə 500-dən yuxarı bal toplayıb.
“Ölkəmizdə təhsil sistemində geniş islahatların aparılması və yüksək demokratik dəyərlərin əsas götürülməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi bizi ürəkdən sevindirir, eyni zamanda, daha böyük məsuliyyət hissi ilə işləməyə sövq edir”, – deyə Bəylər Həsənov bildirib.