Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi bu il 113 nəfərə müxtəlif növ yardım göstərib. Yardım göstərilən 22 nəfər uşağın fiziki, 5 nəfərin cinsi, 30 nəfərin psixoloji, 9 nəfər uşağın iqtisadi zorakılığa məruz qaldığı müəyyən edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, uşaqları zorakılığa məruz qalmış 4 valideynə müvafiq rayonun icra hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderi alınıb. Boşanma ərəfəsində olan 6 ailənin üzvlərinə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.
Məktəb yaşına çatmış 12 uşaq proqram üzrə məktəbə hazırlıq keçib, 6 uşaq bağçaya yerləşdirilib, 7 uşağa ilkin tibbi yardım göstərilib və müalicələrinin davam etdirilməsı üçün tibb müəssisələrinə yönləndirilib. İki ananın 4 uşaq ilə birlikdə sığınacağda məskunlaşması təmin olunub. Risk qrupuna aid edilən valideynlərdən 4 nəfəri işlə təmin edilib.
Məlumat üçün bildirək ki, Mərkəzin fəaliyyət dairəsi Sumqayıt, Quba, Qusar, Şabran, Xaçmaz və digər ətraf şəhər və rayonları əhatə edir və burada sosial işçi, hüquqşünas, psixoloq, pedaqoq, tibb bacısı və defektoloq fəaliyyət göstərir.(AZƏRTAC)