Müsahib Azərbaycanın brendi seçilmiş, dünyaya səs salan ovçu Faiq Babanlıdır.

– Faiq bəy, Amazonda vəziyyət necədir?
– Cənubi Amerika zonasının özünəxas ölkə sivilizasiyası var. İstər dini, istər siyasi baxımdan bizdən tam fərqlidirlər. Bir çox zonalara gedəndə mütləq səfərin məqsədini soruşurlar. Müəyyən dairələr, həmin ərazilərin sahibləri hər şeydən xəbərdar olmalıdırlar. Xüsusən də cəngəlliklərin hamısı nəzarət altındadır. Oralara ayaq basanda öncə qəbilə başçılarından icazə almalısan.
– Qəbilələr meşənin içərisində yaşayırlar?
– Bəli, tam içərisində
– Bəs orada sivilizasiya mövcuddur?
– Natamam şəkildə…Yaşayış məntəqələrinə yaxın ərazilərdə az-çox dəyişiblər, amma cəngəllikdə yaşayan qəbilə üzvlərindən sivilizasiya gözləməyə haqqımız yoxdur. Lakin bu o demək deyil ki, onlar dərrakədə bizdən geri qalırlar. Mən hətta deyirəm ki, ağ insan cəngəllik insanını özündən ağıllı olduğu üçün sevmir. Məsələn, biz bir insan haqda məlumat toplamaq istəyiriksə, araşdırma aparırıq, söhbət edirik, ətrafdakıların fikirlərini öyrənirik. Onlarda yeganə ünsiyyət vasitəsi gözdür. Gözlərsə heç vaxt aldatmır. İlk baxışdan o sənin necə insan olduğunu anlayır. Bizim sivilizasiyamızda isə belə deyil.
– Bizim hisslərimiz avtomatlaşıb.
– Demək ki, dünyanın sürətli axınına qurban getmişik. Ümumiyyətlə, insan övladı hər zaman maraq dairəmdə olub. Onun nəyə qadir olduğunu anlamaq üçün istər Avropada, istərsə də Amazonda cəngəlliklərə gedib sivilizasiya görməmiş insanlarla ünsiyyətdə olmuşam.
– Yalnız onda deyə bilərik ki, mən insan görmüşəm…
– Eynən. Bu isə hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Məsələn, elə ərazilər var ki, ora silah keçirməyə imkan vermirlər. Özü də Amazon cəngəllikləri olduqca təhlükəlidir. Sən orda daim hərəkətdə olmalısan. Çünki üstünə ayaq basmağa bir qum dənəsinə də rast gələ bilməzsən. Yerin altından qarışqalar çıxır. Bir saniyə sakit dura bilməzsən. Yoxsa geyimin üstündən bədəninə darışırlar.
– Hətta bizim sivilizasiya üçün ən xırda həşəratlardan sayılan qarışqa cəngəllikdə can alır.
– Cəngəllik başqa dünyadır. Daim oyaq olmalısan. Ağacda gecələyirsən. Hətta yatmaq sözünü unutmalısan. Bu dəfəki səfərimiz çox ağır oldu, yuxusuz keçirdiyim dördüncü gün idi. Ətrafımdakılara deyirəm ki, indicə bir yuxu gördüm. Deyirlər, bu yuxu deyildi, sən heç yatmamısan axı. 3 gün traktorla yol getdik, axırda bataqlıqda batdıq.
Çox vaxt özümlə birgə yerli qəbilədən 10-15 nəfər götürürəm. Bir də görürsən vəziyyət dəyişir, səndən imtina edib, yarı yolda buraxırlar.
– Gücləri tükənir?
– Yox, onlar gözlərini cəngəllikdə açıblar. Gücdən düşə bilməzlər. Sadəcə beyinləri dönür. Başqa cür insanlardır. Ancaq öz dillərində danışaraq, yola gətirə bilərsən. Bu səfərimədək elə bilirdim ki, insan gücdən düşə bilməz. Hətta yorulanlara, yarı yolda qalanlara istehsa ilə yanaşırdım. Bu dəfə isə gördüm ki, özüm tükənirəm. Elə vəziyyət çatmışdı ki ayağımı əlimlə götürüb qabağa qoyurdum. Bataqlıq insanın gücünü həqiqətən məhv edir.
– Cəngəllik insanı üçün tanrı, müqqədəs anlayışı var?
– Onlar ilana səcdə edirlər, yaquarı müqəddəs zənn edirlər. Çünki qorxurlar.
– Bu heyvanları öldürmək qadağandır?
– Yox, niyə ki? Qadağan deyil. Orada yerli əhalinin də, canlıların da yalnız bir missiyası var. Sağ qalmaq! Bilirsiniz, Amazonun qəribə bir energetikası var. Bilmirəm gözəl deyim, yoxsa qorxulu… Ümumiyyətlə, həyatda belə bir şey var…
– Gözəl olan hər şey qorxuludur…
– Məni qabaqladınız. Qarşında yaquar dayanıb. Hər an yaxınlaşıb, səni parçalaya bilər. Amma sən onun gözəlliyindən zövq alırsan. Ümumiyyətlə, kəpənək gözəlliyi güclü adamlar üçün deyil. Əgər bu hissi qorxu müşaiyət etmirsə, mütləq insanı bezdirir. Hətta belə deyim, insanın gözəllik anlayışı daxilindəki qorxu hissinə bağlıdır. Bu dəfə hiss etdim ki, təbiət özü insanı ayaq dəyməyən nöqtəsindən qovur. Özü də mən Amazonun altını üstünə çevirmiş insanam. Əgər bu hissi yaşamışamsa, demək seçim öz əlimdə olub. Elə o an düşünürsən ki, geriyə yol yoxdur. Üzünə baxıb deyirlər, davam edək? Daha dərinə gedirsən, sonsuz cəngəlliyin qorxulu enerjisi səni özünə çəkir. Boylanıb baxırsan ki, mən daha geriyə qayıda bilmərəm. Buradan çıxmağın yeni yollarını taparam, amma gəldiyimə qayıtmaram.
– Siz bütöv insan həyatını bir neçə cümlə ilə xarakterizə etdiniz.
– Üstəlik yeni hisslər də yaranır…
– Gündəlik həyatda duymadığımız hisslər…
– Bilirsiniz, məncə, bu dünyada insandan varlı canlı yoxdur. Mən özümdən götürürəm. Allah hamımızı eyni yaradıb. Məndəki güc hamıda var. Sadəcə onları ətrafımız, yaşadığımız cəmiyyət zəiflədir. Hisslərini çərçivəyə salıb. Və mən o güclü insanın axtarışındayam, amma tapa bilməmişəm.
– Təbii ki, söhbət ruhun gücündən gedir…
– Əlbəttə. Ruh güclü olanda hökmə də tabe olmur. Allah insanı o qədər sevir ki, yer üzündə hər şeyi onun üçün yaradıb. O sonsuzluqda mənim ilanla qarşılaşmağım xüsusi hadisə idi. O məni sancdı. Hətta yanımdakılar əmin etdilər ki, zərərsizdir. Geri dönəndən sonra mesaj yazılar ki, sən demə, dünyanın ən zəhərli ilanı imiş.
– Yəqin ki, bu uzun zaman ərzində bədəninizdə təbii vaksin formalaşıb. Belə deyək, müvazinət yaranıb.
– Realistəm. Allahın məni qoruduğuna əminəm.
– Elə danışdığımız vaksin də bu əminlik deyil?
– Əlbəttə… Mən də bunu demək istəyirdim. Çünki artıq ölüm məndən qaçır. Sonsuz sayda təhlükə ilə üz-üzə qalmışam.
– Allah həmin təhlükə anında rastınıza çıxır?
– Yox, mən hər an onunlayam. Allaha o qədər bağlıyam ki, ona ruhumu verməyə hazıram. Həyatımın bu çağında, 41 yaşımda bu sözü əminliklə dilimə gətirə bilərəm. İnsan yalnız bütün dəhşətləri görəndən sonra xoşbəxtliyi Allahda tapır, ruhunu da ona qurban verməyə hazır olur. Bu güc də adrenalin yaradır. Mən bəzən 4 gün ac-susuz, yuxusuz qalıram. Çünki adrenalinim güclüdür.
– Yeməksiz anlayıram, amma susuz günlərlə dözmək mümkün deyil axı…
– Oralar natəmizlikdir. Həmin ərazilərdə su içmək qəti qadağandır. Həyatı təhlükəsi var. Özü də bu dəfə tərslikdən götürdüyümüz filtri də yolda itirdik. Suyun içərisinə kömür də atdıq, amma yenə də içmək təhlükəli idi.
– Bu yaxınlarda dünyanın sevdiyi “rus Tarzan” vəfat etdi. O Avstraliyanın çox məşhur idmançısı olmağına baxmayaraq, sivilizasiyadan bezib, ömrünün sonunadək cəngəlliklərdə yaşamışdı. Bəs sizdə vəziyyət necədir?
– Bu sözləri mənə dedirtməyə çalışan siz belə, zaman-zaman cəmiyyətimizdən yorulursunuz, bezirsiniz. Amma bu cəmiyyət olmadan da, cəngəllikdə səni qəbul etməzlər. Çünki kifayət qədər güclü deyillər, sən onlara yox, onlar sənə tabe olmalıdırlar. Sən öz gücünü fikrinlə, hərəkətinlə göstərməlisən. Onlar da sənin arxanca getməlidirlər.
– Hansının qanunları daha ədalətlidir? Bizim sivilizasiyanın, yoxsa cəngəlliyin?
– Cəngəllikdə bir qanun var – insan zülmə tabedir!
– Demək bizdən heç bir fərqləri yoxdur. İnsana ən böyük özgüvəni nə verir, fiziki güc, yoxsa ağıl?
– Ağıl təbii ki, vacibdir. Güc əzələ deyil, ağıldır. Amma bir şey də var ki, biz unutmuşuq. Bu ruhun gücüdür. Onun varlığını çoxları unudub. İnsan olmaq üçün onu qidalandırmaq lazımdır. Məhz buna görə də mən hər dəfə ölümün görüşünə gedirəm. Ruhum da ölümün kəndarından qayıtmaqdan qidalanır. Cəngəlliyə keçi, quş vurmağa getmirəm. Onları qoruyuram ki, ölməsinlər. Mənim işim vəhşi təbiətlədir.
– Cəngəlliyə üz tutanda qarşınıza siyahı qoyurlar ki, bu sayda heyvan öldürmək haqqın var?
– Cəngəllikdə elə bir qanun yoxdur. Vəhşi heyvanlarlar üz-üzə gəlirsən, ya o səni parçalayacaq, ya da sən onu öldürəcəksən.
– Bəs insan hansı həddə çatmalıdır ki, ona silah qaldırasan?
– Allahdan dönmək ölmək deməkdir. Ümumiyyətlə isə mənim insan öldürməyə haqqım yoxdur. Yaratdığının canını yalnız Yaradan ala bilər.
– Amma öldürdüyünüz heyvanları da siz yaratmamısınız.
– Heyvanı yaradan məni onun üçün yox, onu mənim üçün yaradıb ki, öldürüm. Sizin məntiqə əsaslansaq, gərək heyvanlar bizi parçalasın. Allah hər şeyi insan üçün yaradıb. Bu təbiətin hakimi insandır.
– Onda niyə zülmə tabeyik?
– Çünki şüurumuz var. İnsan Yaradanı unudur, ona görə ölümə tabedir.
– Qadın ovçularla rastlaşmısınız?
– Əlbəttə. Qadının kişidən yalnız cinsinə görə fərqlənir.
– Düşünürəm ki, bizim intuisiyamız sizdən güclü olduğu üçün ovda da sizdən bir addım öndəyik.
– Madam ki, bu mövzuya toxunduq, etiraf edək ki, qadın psixologiyası yalnız müşahidədən ibarətdir. Kişi isə eyni anda bir neçə problemi həll etməlidir. Bu bacarığın kökü də buradan qaynaqlanır. Amma qadın ov zamanı kişidən daha gözəl görünür. Bu peşə qadına daha çox yaraşır.
– Maraqlıdır, heyvan cəlladını cinsinə görə ayırd edə bilir?
– Əlbəttə, onların hissiyyatı bizdən də güclüdür. Çünki şüurları yoxdur, demək insana xas hiylələri də yoxdur. Sadəcə hissləri var.
– Bəs namərd heyvan varmı?
– Kərtənkələ və ilan. Hətta hədislərdə deyilir ki, kərtənkələni öldürmək savabdır. Bayaq bəhs etdiyim təhlükəli anda ilanı öncə öldürmədim. Buraxdım ki, get yaşa, sənə toxunmayacam. Çünki gözləri ilə deyirdi ki, öldürmə. Qorxusunu hiss etdim. Amma o dişi ilan qayıdıb, canımı almaq istədi…
– İndi görün ilanın dişisi necə təhlükəlidir…

Leyla Sarabi

Publika.az

Fotolar: Səfiyar Məcnun