Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötən dövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını dedi. Krasimir Karakaçanov bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər əldə edilib və o, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı. Ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirən dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin bu işdə rolunu qeyd etdi. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirdi.
Görüşdə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətinə toxunuldu, Krasimir Karakaçanovun bu tədbirdə iştirakı ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi kimi dəyərləndirildi, onun Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...