Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyidir.
Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası keçirilib.
İclasda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu formatı birbaşa işgüzar əlaqələr yaradılması üçün münasib platforma adlandırıb. O bildirib ki, Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə birinci yeri tutur. Nazir xatırladıb ki, Azərbaycan Rusiyada öz ticarət nümayəndəliyini açıb, Bakıda Rusiya İxrac Mərkəzi fəaliyyət göstərir. Rusiya şəhərlərində Azərbaycanın şərab və çay evlərinin açılması istiqamətində iş aparılır. Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən 760 şirkətin qeydiyyata alındığını xatırladan nazir deyib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq sərmayə qoyub.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində işgüzar şuraların rolunu yüksək qiymətləndirərək qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının rəhbəri Səməd Qurbanov Şuranın fəaliyyəti, Rusiyada Azərbaycan biznesinin iştirakı ilə həyata keçirilən investisiya layihələri, qarşıya qoyulmuş vəzifələr barədə danışıb.
Rusiya-Azərbaycan İşgüzar Şurasının rəhbəri Aleksey Repik Azərbaycan ilə Rusiyanın subyektləri arasında gələcək əməkdaşlığın prioritetlərini açıqlayıb. O, ümidvar olduğunu bildirib ki, regionlararası forum qarşılıqlı iqtisadi fəaliyyətin genişləndirilməsi və dərinləşdirilməsi üçün əlavə imkanları aşkara çıxarmağa yaxşı bir fürsət olacaq.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov Azərbaycan paytaxtının sürətli iqtisadi inkişafı barədə söhbət açaraq bildirib ki, bu il 7 minə yaxın yeni müəssisə qeydiyyata alınıb. Cari ilin 9 ayı ərzində Azərbaycana təqribən 1,5 milyon turist gəlib. Onların 30 faizi Rusiya vətəndaşlarıdır.
İşgüzar şuraların birgə iclasında Azərbaycanın və Rusiyanın iri şirkətlərinin rəhbərləri çıxış edərək qarşılıqlı işgüzar əlaqələrin vəziyyəti barədə məlumat verib, əməkdaşlığın daha da genişləndirilməsi barədə öz fikirlərini söyləyib, ümidvar olduqlarını bildiriblər ki, qarşılıqlı investisiyalar artmaqda davam edəcək.
Forum öz işini “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Aqrar sahədə əməkdaşlığın inkişafı”, “Kiçik və orta biznes sahəsində əməkdaşlıq”, “Humanitar sahədə əməkdaşlığın genişləndirilməsi”, “Nəqliyyat və tranzit daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi”, “Qadın sahibkarlığının inkişafında əməkdaşlıq perspektivləri” mövzularında “dəyirmi masa”lar formatında davam etdirib.(Xezerxeber.az)