–  Astarainfo.az-ın növbəti müsahibi “Astara” qəzetinin keçmiş əməkdaşı, Türkiyənin ən böyük və birinci kanalı olan TRT-nin Xarici Yayımlar, digər adı “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının tərcüməçi və aparıcısı Sevda Mirzədir.
  • -Sevda xanım, sizi illər öncə çalışdığınız doğma “Astara” qəzetinin redaksiyasında görməkdən böyük məmnunluq hissi duyuruq. Sizi daha yaxından tanımaq istərdik.
  • -Astarada doğulmuşam. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini (bakalavr və magistratura) bitirmişəm. Hal-hazırda Türkiyədə fəaliyyət göstərirəm. Vaxtilə çalışdığım doğma məkanda olmaq və xüsusilə, müsahibə vermək mənim üçün böyük qürurdur. Azərbaycan mənim ayrılmaz parçam, Türkiyə isə ikinci vətənimdir.
  • -Jurnalist olmağı özünüz seçdiniz?
  • -Uşaq vaxtı arzular çox olur. İlk arzum kosmonavt olmaq idi. Bir müddət keçdikdən sonra dənizçi olmağı arzuladım. 10-12 yaş arasında qəti şəkildə qarşıma məqsəd qoydum ki, mən jurnalist olmaq istəyirəm. Buna əsas səbəb atam Sabir Mirzənin  jurnalist kimi peşəsini hədsiz sevməsi ilə bağlı idi. O,“Astara” qəzetində uzun müddət müxbir, redaktor və korrektor vəzifələrində çalışıb. O zamanlar “Astara”qəzeti həftədə 3 gün nəşr olunurdu.Birinci mərtəbəsi mətbəə, ikinci mərtəbəsi yaradıcı heyətin olduğu “Astara” qəzeti redaksiyabinasının yanında Astarada qədim tikili olan bir musiqi məktəbi var idi. Mən fortopiano dərslərim günü və atamın növbətçi olduğu zamanlarda redaksiyaya gəlirdim. Demək olar ki, hamının sevimlisinə çevrilmişdim. Hiss edirdim ki, atamın şairlik və jurnalistlik istedadı mənə də keçib. Onda gördüyüm mətbuat sevgisi məni də jurnalist olmağa həvəsləndirirdi. Amma anam jurnalist olmağımı istəmirdi, “Jurnalistika çox çətin sənətdir, qadın işi deyil, ən yaxşısı, müəllim ol” deyirdi. Mənsə heç vaxt müəllim olmağı arzulamadım. Amma ailə şərtlərilə əlaqədar Astara şəhər 1 saylı orta məktəbində iki il Azərbaycan dili və ədəbiyyatından dərs verdim. Çünki həyat yoldaşım mənim jurnalist olaraq çalışmağımı, ümumiyyətlə, heç işləməyimi qəbul etmirdi. 
 “Astara” qəzeti mənə çox doğmadır. Çünki mənim ilk qələm təcrübəm 12 yaşımda məhz “Astara” qəzetində dərc olunub. Universitetdə oxuduğum illərdə təxminən 5 il yarım burada çalışmışam.  Jurnalist kimi yetişməyimdə atamın, qəzetin və dəyərli əməkdaşlarının böyük əməyi vardır. Amma söylədiyim kimi, ailə şərtləri Astarada jurnalist fəaliyyətimi məhdudlaşdırmışdı.  Digər tərəfdən, bütün fədakarlıqlara baxmayaraq, ailə ulduzumuz heç cür düz gəlmirdi, tam fərqli insanlar idik. Mənəvi dünyam tam çökmüşdü, intihar vəziyyətinə gəlmişdim. Ayrıldım. Söz-söhbətdən uzaq olmaq üçün Bakıya yaşamaq və çalışmaq istədiyimi söylədim ailəmə – anam və qardaşıma. Əvvəl razı olmasalar da, sonra mənə maddi və mənəvi dəstək oldular. Bakıya üz tutdum. “Üç nöqtə”, “Yeddi gün”, “Təzadlar” qəzetlərində müxbir olaraq çalışdım. ABA isə mənim işlədiyim ilk televizya oldu. Burada 2, daha sonra Space televizyasında 5 il redaktor, müxbir və sənədli film rejissoru olaraq çalışdım. Mənim üçün bu iş yerlərinin hər biri bir pilləidi. Hər pilləməni bir addım yuxarı aparırdı. Hər pillədə çox, həm də olduqca çox zəhmət var idi.
  • Ailə, uşaq və iş. Necə tənzimləmək olur bunları?
  • Bir zamanlar mən sübh saat 3-ə kimi yazırdım, 7-də isə qalxıb uşağı baxçaya, məktəbə yollayır,oradan işə gedirdim. Qayıtdıqdan sonra uşağın dərsləri, üst-başının təmizlik işləri və s. Üstəlik özümə baxmağı da heç zaman unutmamışam. Düzdür, televiziyada mənim kimi gərgin çalışan, ara-sıra səfərlərdə olan, gecələri yazan, gündüzləri montaja və studiyaya qaçan insan üçün təkbaşına çatdırmaq bəzən mümkün olmurdu. Bu zaman köməyimə Bakıdakı Gülnarə qonşum və Əlinin Şəfiqə müəlliməsi gəlirdi. Qısası, təxminən 7-8 il mən gün boyu cəmi 3-4 saat yatmışam.Bu,qələmə, sözə, jurnalistikaya vurğunluğumdan irəli gəlir. İşimi heç zaman axsatmıram. Canım, qəlbim, ruhum və böyük məsuliyyətimlə sarılıram işə.Televizyada ən çətin dövrlərim Space-də sənədli film rejissoru, daha sonra İctimai TV-də Cənubi Azərbaycanla bağlıhəftəlik “Körpü” proqramını hazırladığım zamanlar idi. Mən bir Azərbaycan qadınıyam, mətbəxi, yemək bişirməyi və təqdim etməyi sevirəm. Amma həmişə mətbəxdə belə əllərim xörək hazırlayır, beynim məqalə, süjet yazırdı.Jurnalistin güclü müşahidə qabiliyyəti və möhkəm hafizəsi olmalıdır: gördüklərini istədiyi zaman yazıya köçürmək, onu doğru şəkildə ictimaiyyətə çatdırmaq, fikirləri lakonik ifadə edə bilmək və s. xüsusi bacarıq istəyir. Yəni demək istədiyim odur ki, biz jurnalistlər hər kəs kimi deyilik, fərqli baxış bucağımız var. Bu,bizi bəzi insanlardan, qadın olduğun zaman isə çox qadınlardanayırır.-Sevda xanım, Astaradan Ankaraya gedən yol necə başladı?
  • İctimai TV-də çalışırdım. 2008-ci il yanvarın 15-də Türkiyənin əsas kanalı TRT-nin 41 dildə veb saytı, 37 dildə internet radiosu olan “Türkiyənin səsi” radiosu ilə İctimai Radio Televiziyası arasında ortaq bir saatlıq “Qorqud Ata”canlı proqramının hazırlanması üçün müqavilə imzalandı. Bu dövrdə TRT-nin tez-tez seminar və müxtəlif tədbirləri olurdu. İctimai TVdə işçilərini o tədbirlərə göndərirdi. Oktyabrda (2008) Antalyada TRT-nin 8 günlük bir media tədbiri oldu. Mən də İctimai TV-nin altı nəfərlik heyətilə birlikdə ora göndərildim. Bu, mənim TRT ilə ilk tanışlığım oldu. Onlar mənim Güney Azərbaycanla bağlı “Körpü” proqramımın olduğunu biləndə TRT “Türkiyənin səsi” radiosu üçün də belə bir veriliş hazılamağımı istədi. Razılıq verdim. Bakıya qayıtdıqdan sonra “Körpü”nün TRT “Türkiyənin səsi” üçün radio versiyası “Güney inciləri”ni hazırladım, təxminən iki ilə yaxın.Amma o zaman Türkiyəyə köçmək, orada çalışmaq heç xəyalımın ucundan keçmirdi.Oğlum Əliağa Türkiyədə lisey qazandıqdan 3 il sonra fikrim dəyişdi və ora getməli oldum. Türkiyədə bir neçə radio-televiziya kanalına müraciət etdim, hər şeydən əlimüzülmüşkən TRT qapılarıüzümə açıldı. “Türkiyənin səsi” radiosunda bir il ştatdankənar, sonra isə müqavilə iləçalışdım. Azərbaycan redaksiyası İğdır, Gürcüstan, Şimali və Cənubi Azərbaycan nümayəndələrindən ibarətdir. Artıq 5 ildir TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasında ölkəmizin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, tarixi, ictimaiyyəti, tanınmış simalarını tanıtmaq və Vətənimilayiqincə təmsil etməyə çalışıram.
  • Bu günə qədər jurnalistika sizə nə verdi və nə aldı?
  • Jurnalistika mənə özümü qaytardı eyni zamanda maddi və mənəvi həyatımı təmin etdi. Yaxşı dostlar qazandırdı, geniş çevrə yaratdı. Dünyanın bir neçə ölkəsinə jurnalistika sayəsində səyahət etdim. Polşa, Almaniya, Fransa, Cənubi Azərbaycan (İran) və Türkiyənin neçə şəhərində oldum, tarixi və turistik yerlərlə bağlı sənədli filmlər çəkdim, müsahibələr götürdüm, seminar və müsabiqələrdə iştirak etdim, sertifikat və mükafatlar qazandım. Hər cümlənin açması gecə-gündüz istirahət etmədən çalışmaq deməkdir. Amma bütün bunlarla belə jurnalistika mənim ailə həyatı və qadınlığımı aldı. Yarı kişi, yarı qadın oldum həyatda. Gənclikdə arzum bu idi ki, mənə əsl dost, mənəvi və maddi dayaq bir həyat yoldaşım, ən az dörd uşağım olsun, kitablar yazım, beləcə, ömrüm başa çatsın. Bunun üçün nə qədər fədakarlıqlara, qurbanlara belə getdim. Olmayınca olmur, neyləmək olar. Amma tərəziyə qoyanda görürəm ki, hələ də məni həyatda ayaq üstündə saxlayan qələm eşqim, jurnalistika sahəsində qazandıqlarım və oğlumdur. Yeddi ilə yaxındır Türkiyədə yaşayıram. Bura bizim ikinci vətənimizdir. Türkiyədə başqa millətin nümayəndələri bəzən mənə deyirlər ki, “azərbaycanlılar Türkiyədə “daydaylı” kimi hərəkət edir. Həqiqətən də heç bir xalq Azərbaycan qədər özünü Türkiyəyə yaxın hiss edə bilmir, o cümlədən, eyni sözləri türkiyəlilər üçün demək mümkündür. Amma nə olursa olsun, insanın doğulduğu, ruhunu daşıdığı bir məmləkət, bir diyar, bir torpaq var. Ona görə də mən Azərbaycan vətəndaşlığını dəyişməyən həqiqi azərbaycanlı kimi tezliklə Vətənə dönməyi və ömrümü doğma Vətənimdə çalışaraq başa vurmağı düşünürəm. 
  • Astarainfo.az