Rayonumuzun iri yaşayış məntəqələrindən olan Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Sərək kəndində 450 təsərrüfatda 2000 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, çayçılıq, sitrusçuluq, heyvandarlıq, bağçılıqdır.
Son illərdə nümayəndəlikdə abadlıq-quruculuq işlərinə diqqət xeyli artmış, yeni sitrus bağları salınmış, elektrik transformatoru dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir.
Sentyabrın 30-da Sərək kəndində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq Sərək kəndində sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırmışdır.
Görüşdə kənd sakinləri Əvəz Cümşüdov, Mühəddin Məmmədov, Zikrulla Salayev, Füzuli Fətəliyev, Yaqut Məmmədova, Möhsün Qasımov və başqaları Respublikanın hər yerində olduğu kimi Astara rayonunda da bütün sahələrdə inkişafın geniş vüsət aldığını, xüsusən tikinti-quruculuq və abadlıq işlərinin sürətləndirilməsini razılıqla qeyd edərək əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinin köməkliyi ilə sakinlərin qaldırdıqları problemlər vaxtında öz həllini tapmış, nümayəndəlikdə sitrus və çayçılığa daha çox qayğı göstərilməsi öz bəhrəsini vermişdir.
Çıxış edənlər Sərək çayı üzərində avtomobil körpüsünün salınması, Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, folklor evinin əsalı təmiri, kənddə bankomatın qoyulması, kəndarası yolun təmiri və digər məsələlər barədə təkliflərini vermişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev həlli qısa müddətdə mümkün olan məsələlər barədə müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir. İcra başçısı Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, ucqar dağlıq kəndlərə gedən avtomobil yollarının asfaltlaşdırılması, Park-bulvar ərazisinin genişləndirilməsi, kəndlərin qazlaşdırılması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi sahəsində görülən işlər barədə söhbət açaraq, həmçinin cənab Prezidentin tövsiyəsi və tapşırığına uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində rayonda həyata keçirilən səmərəli işləri diqqətə çatdırmışdır.
İcra başçısı son dövrdə Sərək kəndində torpaqlardan səmərəli istifadə edilməsinə diqqətin artdığını razılıqla qeyd etmişdir. Ona görə də çalışmalıyıq ki, əkinə yararlı mövcud torpaq sahələrinin hamısından səmərəli istifadə olunsun.
Rayonun ayrı-ayrı yaşayış məntəqlərində, o cümlədən Sərək kəndində də son illər yüz hektarlarla kənd təsərrüfatına yararlı torpaq sahəsi əkin dövriyyəsinə qaytarılmaqla, çayçılıq, sitrusçuluq sahəsində uğurlu nəticələrə nail olunmuşdur.
Tam cəsarətlə demək olar ki, görülən çoxmiqyaslı tikinti-quruculuq, abadlıq işləri nəticəsində Astara bölgəmizin, bir növ mərkəzinə çevrilmişdir. Kənd sakinlərinin qaldırdıqları təkliflər əsasında bir çox mühüm məsələlər həllini tapmış, bundan sonra da təkcə Sərək kəndində deyil, rayonun bütün yaşayış məntəqələrində vətəndaşların müraciətlərinin icrasından ötrü var-qüvvəmizi sərf edəcəyik.
İcra başçısı hazırda Respublikada və Astara rayonunda böyük sosial layihələrin həyata keçirildiyini bildirmişdir. Ölkəmizin uğurlu inkişafı bizi hədsiz sevindirir. Bir neçə gün əvvəl ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev Ələt-Astara avtomobil yolunun açılışını etdi. Bununla da sakinlərimiz Bakı şəhərinə daha rahatlıqla gedə biləcəklər. Yaxın günlərdə Xanbulançaydan Astara şəhərinə çəkilmiş içməli su və böyük ərazidə genişləndirilərək ən müasir səviyyədə tikilən park-bulvar kompleksi istifadəyə veriləcəkdir. Bu hədsiz diqqət və qayğıya görə rayonumuzun hər bir sakini adından cənab Prezidentə minnətdarlıq edirik.
Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirən icra başçısı, görülən işlərin əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən mühüm dövlət tədbirlərinin tərkib hissəsi olduğunu, gələcəkdə də bu kimi sosial layihələrin davam edəcəyini diqqətə çatdırmışdır.
Astarainfo.az