Müstəqilliyi ikinci dəfə əldə etmək keçmiş Sovet İttifaqının digər ölkələri ilə müqayisədə Azərbaycanda daha çətin olub, bu yolda Vətənimizin yüzlərlə qəhrəman övladı xalqımızın azadlığı uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlib. Ancaq qarşıda duran əsas məsələ bu müstəqilliyi itirməmək idi. Məhz həmin illər bir daha göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. 1993-cü il oktyabrın 3-ü bu baxımdan Azərbaycanın müstəqillik tarixində öz əhəmiyyəti ilə seçilir.
“Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir”
Xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük uzaqgörənliklə söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir” sözlərinin təsdiqini ölkəmizin ən yeni tarixində baş vermiş siyasi proseslərin timsalında bir daha aydın şəkildə gördük. Çünki Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etsə də, 1993-cü ilin iyun ayının ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin sütunlarının kövrək olduğunu göstərirdi. Müxtəlif yollarla hakimiyyətə gəlmiş naşı və bacarıqsız qüvvələrin fəaliyyətsizliyi ölkədə özbaşınalığın artmasına, daxili sabitliyin pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuşdu. Xalq anlayırdı ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Heydər Əliyev dühası xilas edə bilər. Beləliklə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, həmin il oktyabr ayının 3-də ölkə Prezidenti seçilməsi isə Azərbaycanda sabitliyin, inkişaf və tərəqqinin başlanğıcı oldu.
Dahi şəxsiyyətin ölkə Prezidenti kimi fəaliyyəti bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə həyata keçirdiyi milli dövlətçilik ideyalarının davamı olub, atılan addımlar müstəqilliyimizin qorunmasını və inkişafını, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutmasını şərtləndirib. Belə ki, görkəmli dövlət xadimi Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı düşmən təcavüzündən xilas edib, bu qədim Azərbaycan diyarında müstəqil dövlətçilik ənənələrini formalaşdırıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, milli ordumuzun ilk hərbi birləşmələri yaradılıb.
Azərbaycan 1969-cu ildə Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yoluna qayıtdı
“Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam”, – deyən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Bakıya qayıdışı Azərbaycanın xilası, qurtuluşu kimi tarixə qızıl hərflərlə yazılıb. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər bu qayıdış baş verməsəydi, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi mövcudluğundan söhbət gedə bilməzdi.
3 oktyabr tarixi isə sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran tarixi sınaq idi. Çünki xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan həmin seçkidə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır.
Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içərək deyib: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin oktyabr ayından ölkə rəhbəri kimi fəaliyyətə başlaması qısa müddətdə ölkəmizdə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Azərbaycan 1969-cu ildə Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yoluna qayıtdı. Görkəmli dövlət xadiminin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi ölkəmizin milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın işğalının qarşısı alındı, digər tərəfdən, atəşkəs əldə edildi, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Yaradılmış sabitliyin nəticəsində qısa müddətdə beynəlxalq aləmdə Azərbaycana münasibət müsbət istiqamətdə xeyli dəyişdi.
Ulu Öndər Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının əsası qoydu
Beynəlxalq etimadın, inamın nəticəsi olaraq 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb. Bununla da ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının əsası qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
Ümummilli Liderin fəaliyyətində ölkəmizin dünya birliyində demokratik dövlət kimi tanınması və qəbul edilməsi də mühüm yer tuturdu. Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyən görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən qanunvericilik bazası yaradıldı, demokratik cəmiyyət formalaşdırıldı. Eyni zamanda, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın əsası qoyuldu. Belə əməkdaşlıq münasibətləri isə tarixən Böyük İpək Yolunun əsas iştirakçılarından olan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrində rolunu ortaya qoydu. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP kimi beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətinin göstəricisidir. Məhz görkəmli dövlət xadiminin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində ötən il daha bir tarixi müqavilə imzalandı. 2017-ci il sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ölkəmizin sosial-iqtisadi inkişafı davamlı xarakter aldı
1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görürük. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Əsrlərboyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Qeyd etmək lazımdır ki, Azərbaycan bu gün təkcə sosial, siyasi, iqtisadi sahələrdə yox, həm də humanitar sahədə həyata keçirdiyi tədbirlərlə dünyanın diqqət mərkəzindədir. Ötən dövrdə multikulturalizmin, tolerant dəyərlərin müdafiəçisi kimi özünü təsdiq edən Azərbaycan həm də müasir dövrdə mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfə ilə tanınır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1993-cü ilin 3 oktyabr tarixinin siyasi əhəmiyyəti barədə deyib: “1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir”.
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvanı gülüstana çevirib
Heydər Əliyev siyasi yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası son illər sürətlə inkişaf edərək özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan özünün abadlığı, təmizliyi, sabitlik və əmin-amanlığı ilə bura yolu düşən hər kəsin diqqətini cəlb edir. Ötən əsrin sonlarında düşmənlə üz-üzə mərd-mərdanə dayanaraq çətin dövrlərini yaşayan Naxçıvan bu gün artıq müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana, Şərqlə Qərb arasında müxtəlif əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyi mühüm körpüyə çevrilib. Təsadüfi deyil ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıması Naxçıvanın İslam dünyasındakı yerini müəyyən edirsə, Avropa İttifaqının üzvü olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə Naxçıvanda “Avropa günləri”nin keçirilməsi bu qədim diyarın Qərb üçün əhəmiyyətini ortaya qoyur. Eyni zamanda, Naxçıvan iqtisadi sahədə əldə etdiyi nəticələri ilə ölkəmizin digər regionları ilə müqayisədə öncül yerdədir. Hazırda enerji istehsalının 70 faizini alternativ mənbələrdən əldə edən muxtar respublika bu sahədə bir çox ölkələr üçün nümunədir. Bütün bu uğurlar isə Heydər Əliyev yoluna sədaqətin, Vətənə, dövlətə və dövlətçiliyə məhəbbətin təzahürüdür. (AZƏRTAC)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...