Oktyabrın 5-də Astara şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin təşkilatçılığı ilə keçirilən regional müşavirədə “Respublikanın meyvə və sitrus bağlarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda müzakirələr aparılıb.
Tədbirdə “Meyvə və sitrus bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov rəhbərlik etdiyi qurumun bitki sağlamlığı sahəsində fitosanitar xidmətlərini həyata keçirən icra hakimiyyəti orqanı olduğunu bildirib.
Dövlət Xidməti tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə və digər saxlanma yerlərində müayinələr və müşahidələr aparıldığını vurğulayan Ə.Eyvazov, rəhbərlik etdiyi qurum tərəfindən profilaktik və fitosanitar xidmətləri həyata keçirildiyini, Xidmətin mütəxəssislərinin hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verdiyini diqqətə çatdırıb.
Xidmətin rəisi Respublika Bitki Mühafizəsi Mərkəzinin həyat keçirdiyi mübarizə tədbirləri barədə məlumat verərək deyib: “Mərkəz tərəfindən insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemləri hazırlanıb. Sistemin tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq, fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib”.
Diqqətə çatdırılıb ki, respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlər həyata keçirilib.
2018-ci ilin səkkiz ayı ərzində ölkə ərazisində zərərverici və xəstəliklərə qarşı 3 milyon 929 min 237 hektarda fitosanitar müşahidə işləri aparılıb, 1 milyon 846 min 321 hektarda sirayətlənmə aşkar olunub, 1 milyon 329 min 65 hektarda mübarizə tədbirləri görülüb. Bunun 173 min 868 hektarı büdcə vəsaiti hesabına olub.
Müşavirədə “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov pestisidlərdən istifadənin zəruri olduğunu diqqətə çatdıraraq deyib: “Pestisidlərdən yalnız lazım olduqda istifadə edilməlidir. Yəni bitkilərin zərərverici və xəstəliklə sirayətlənməsi iqtisadi cəhətdən təhlükəli həddə çatdıqda məhsulu qorumaq üçün onların tətbiqi zərurəti yaranır. Tətbiq obyektinə görə, pestisidlər insektisidlər, funqisidlər, herbisidlər, akarisidlər, zoosidlər, nematisidlər və s. kimi qruplara bölünür. Pestisidlər qrupuna bitkilərin boy maddələri də daxildir. Boy maddələri bitkilərin məhsuldarlığını artırır və məhsul vermə müddətini sürətləndirir, soyuğa və quraqlığa davamlılığını yüksəldir”.
Müşavirədə Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Xoşqədəm Ələsgərova “Yastıcalar və onlara qarşı mübarizə tədbirləri” mövzusunda çıxış edib.
Tədbirin ikinci hissəsi açıq tarla şəraitində keçib və fermer təsərrüfat sahiblərinin, fiziki və hüquqi şəxslərin sualları cavablandırılıb. Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunması, həmçinin zərərverircilərə və xəstəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması ilə bağlı müvafiq tövsiyələr verilib.(AZƏRTAC)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...