Rusiya Prezidenti Vladimir Putin Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki dərəcəsində çempionu Həbib Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanması münasibəti ilə təbrik edib. Yeniavaz.comTASS agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı “Rusiya – idman ölkəsi” forumundan sonra idmançı ilə görüşüb. Görüşdə döyüşçünün atası Əbdülmanap Nurməhəmmədov da iştirak edib.
V. Putin qalibi salamlayarkən “səni təbrik edirəm” deyib. Prezident, həmçinin zarafatla H. Nurməhəmmədova təklif edib ki, atasından məlum döyüşdən sonra qalmaqallı hərəkətinə görə oğlunu bərk cəzalandırmamasını xahiş etsin. V. Putinin sözlərinə görə, H. Nurməhəmmədov titul uğrunda döyüşdə əsas tapşırığı yerinə yetirərək inamlı qələbə qazanıb: “Hər halda sən əsas tapşırığı həll etdin, layiqli və inamlı qələbə qazandın”.
Rusiya lideri idman ideallarının qazanclardan daha vacib olmasının önəminə diqqət çəkib: “Ümid etmək istəyirəm ki, hər halda idman idealları hər şeydən – qazanclardan, reklamlardan üstün olacaq. Hər şeydən əvvəl sənin rəqiblərinin komandasını nəzərdə tuturam. Və yekunda normal ünsiyyətə, kişi və idman dostluğuna aparan yollar tapılacaq. İdman məhz bu məqsədlərə xidmət edir”.
Prezidentlə ünsiyyət zamanı H. Nurməhəmmədov aqressiv davranışına səbəb olan təxribatlardan bəhs edib: “Mən özümü layiqli apardım. Lakin bəzi məqamlara əlbəttə ki, mən də nəzarət edə bilmədim. Çünki döyüş zamanı təxribatlar davam edirdi. Ümid edirəm ki, hazırda gedən məhkəmə bizim xeyrimizə olacaq”.
V. Putin öz növbəsində qeyd edib ki, Rusiyada başa düşürlər ki, rinqdə təxtibatların öz səbəbləri olub: “Biz başa düşürük ki, özündən çıxarmaq və döyüş zamanı hansısa üstünlük qazanmaq üçün bu edilirdi. Ümid etmək istəyirəm ki, bu sənin rəqiblərin tərəfindən də qiymətləndiriləcək və hər şey  lazımi ümumbəşər və idman məcrasında nizamlanacaq”. O, H. Nurməhəmmədova uğurlar arzulayıb.
Dövlət başçısı Rusiyanı böyük mehriban ailə ilə müqayisə edib və deyib ki, bu ailədə hər şey olur və ailə kənardan istənilən hücumlara cavab verməyə hazırdır: “Hesab edirəm ki, biz ölkənin daxilində bir böyük ailəyik. Əlbəttə ki, burada nəyin baş verməsindən asılı olmayaraq, ifratdan qaçınmaq lazımdır, heç bir tullanmaya yol vermək olmaz. Qarşılıqlı anlayışa nail olunmalıdır. Bizim böyük və çox rəngarəng ailəmiz var. Şübhəsiz ailədə hər şey ola bilər, lakin biz çərçivədən çıxmağı özümüzə imkan vermirik. Lakin bizə kənardan hücum edəndə, əlbəttə ki, təkcə sən deyil, biz hamımız elə tullana bilərik ki, az görsənməyəcək. Lakin ən yaxşısı buna gətirib çıxartmamaqdır”.