İsveçrəli ər və arvad – Migel və Ursina Behcet iki övladı ilə birlikdə velosipedlə dünya səyahətinə çıxıblar.
İsveçrədən Asiyaya səyahət edən ailə üzvləri 10 aydan çoxdur ki, velosipedlə turlarını davam etdirirlər.
Turistlərin Azərbaycandan keçən növbəti marşrutu Lənkəran rayonu olub. Üç gün Lənkəranda qalan səyyahlar rayonun tarixi abidələri, turizm və istirahət mərkəzləri, milli adət ənənələri və mətbəxi ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Azərbaycanda daha çox el şənliklərinin onlarda maraq doğurduğunu deyən xarici turistlər, ölkəmizə səyahətləri zamanı nadir hallarda hotellərdə qaldıqlarını, insanların onları evlərinə qonaq dəvət etdiklərini bildiriblər.
Səyyah Ursina Behcet deyib: “Gürcüstandan sonra Azərbaycana gəldik. Burada olduğumuz müddətdə digər ölkələrdə görmədiyimiz bir xüsusiyyəti gördük. Azərbaycanlılar çox səmimi, mehriban və qonaqpərvərdirlər”.
Onun həyat yoldaşı Migel Behcet də söhbətə qoşularaq dedi: “Biz Azərbaycanda özümüzü çox təhlükəsiz hesab edirik. Burada xeyli təcrübə topladıq. Ölkənizi tərk etmək istəmirik, ancaq yolumuzu davam etməliyik. Düşünürəm ki, yenidən Azərbaycana gələcəyik”.
Hər beş ildən bir dünya səyahətinə çıxan ailənin ən kiçik üzvünün yeddi yaşı var.
İsveçrəli turistlər səyahətlərini Azərbaycandan sonra İranda davam etdirəcəklər. Onlar səyahətlərini Hindistanda başa vurmaq niyyətindədirlər.(AZƏRTAC)