Oktyabrın 16-da Asxanakəran kənd inzibati ərazi dairəsinə daxil olan Motlayataq kəndində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, dağ kəndlərinə asfalt yollar çəkiləndən sonra gediş-gəliş asanlaşmış, bu və digər kəndlərdə görüşlərimiz də müntəzəm xarakter almışdır. Ucqar dağların qoynunda yerləşən bu kəndlərə yüksək keyfiyyətli asfalt yolların çəkilməsi ilə doğrudan da ərazinin ən böyük problemi həllini tapmış, hərtərəfli inkişaf üçün münbit şərait yaranmışdır.
Asxanakəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Səlahəddin Əliyev məlumat verərək bildirdi ki, 10 kənddən ibarət olan nümayəndəliyin ərazisində 2500 nəfərə qədər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və qismən də arıçılıqdır. Avtomobil yolunun çəkilməsi ilə əsas çətinliklər həll olunaraq sinsanlar rahat həyata qovuşmuşlar. O, son illər ərazidə görülən digər işləri də sadalayaraq bütün bunlara görə kənd sakinləri adından möhtərəm cənab Prezidentə minnətdarlığını bildirmişdir.
Sakinlərdən Ramiz Gənciyev, Möhübbət Qurbanov, Arif Əliyev, Şirməmməd Fərəcov və başqaları çıxış edərək respublikada, rayonumuzda və Motlayataq kəndində aparılan tikinti-quruculuq işlərindən hədsiz sevindiklərini bildirmişlər. Sıldırım dağların qoynunda, rayon mərkəzindən  40-45 km aralıda yerləşən bu kəndlərə asfalt yolların çəkilməsini əsil möcüzə adlandıran sakinlər rahatlığa, inkişafa qovuşduqlarını qeyd edərək bu əvəzsiz hədiyyəyə görə möhtərəm Prezidentə sonsuz sevgilərini ifadə etmişlər. Kəndə telefon xəttinin çəkilməsi, yüksək gərginlikli elektrik xətləri və dayaqların dəyişdirilməsi, ərazidə xalça sexinin tikintisi ilə bağlı təkliflərini də vermişlər.
İcra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, oktyabrın 15-i möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsinə növbəti səfəri zamanı Astaraya gəlməsi, rayonda bir sıra sosial obyektlərin açılışında iştirak etməsi və ictimaiyyət nümayəndələri ilə görüşü həyatımızın ən unudulmaz yaddaqalan günüdür.
Cənab Prezident Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının istifadəyə verilməsinə xeyir-duasını verərək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Astara şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xanbulançaydan Astara şəhərinə çəkilən su xəttinin açılışını etdi. Eyni zamanda Xəzər dənizi sahilində 18 hektarlıq ərazidə gözəl dizaynda salınmış park-bulvar kompleksində oldu. Görülən işləri yüksək qiymətləndirən cənab Prezident tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verdi.
Böyük vəsaitlər tələb edən belə sosial layihələrin icrası, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən yüksək inkişafa doğru inamla aparılan müstəqil dövlətimizin uğurlu siyasətinin və iqtisadi gücünün bariz nümunəsidir.
Bir ay öncə cənab Prezidentin Ələt-Astara avtomobil yolunun açılışını etməsi Respublika əhalisinin, xüsusən də bölgəmizin əhalisinin böyük sevincinə səbəb olmuşdur. İndi daha tez, rahat və təhlükəsiz yolla Bakı şəhərinə getmək mümkündür. Bu yol rayonumuza, o cümlədən füsunkar təbiəti, təmiz suyu və havası olan dağ kəndlərinə turistlərin, xarici qonaqların gəlişini xeyli asanlaşdıracaq.
Rayonumuzda Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi,  sel və daşqın təhlükəsi olan Astaraçayda və Pensərçayında sahilbərkitmə işlərinin aparılması, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsaitin ayrılması ilə əlaqədar Sərəncamlar imzalaması da  ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Astaraya və astaralılara yüksək diqqət və qayğısının bariz nümunəsidir. Astaramızın daha da inkişafına və çiçəklənməsinə səbəb olacaq bu möhtəşəm layihələrə görə rayonumuzun sakinləri adından möhtərəm cənab Prezidentə hədsiz minnətdarlığımızı bildiririk.
Astarainfo.az