“Dünyada İslam dininə aid mövzuda şəkillər çəkilib, amma “Quran”ın 114 surəsinin hər birinə aid bir tablonu hələ heç bir rəssam çəkməyib”
“Uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Atam arxitektor olub, bu sənətə sevgi də mənə atamdan keçib” – deyə uzun illərdir rəssamlıq edən Astara şəhər sakini Firudin Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətə başlayır.
Dediyinə görə, ilk dəfə 7 yaşında olarkən Koroğlunun şəklini çəkməklə rəssamlığa başlayıb. Daha sonra isə təbiət mənzərələri çəkib: “Sonra elə oldu ki, Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil oldum. Oranı bitirəndən sonra Sankt-Peterburqda təhsilimi davam etdirdim. İndi 71 yaşım var, 60 ilə yaxındır ki, rəssamlıq sənətinin vurğunuyam və bu sənətlə məşğulam”.
F.Quliyev Avropa mədəniyyəti məktəbini bitirmiş olsa da Təbriz rəssamlıq məktəbinin vurğunudur: “Akademik-klassik sənəti öyrənmişəm. Lakin Təbriz məktəbinin, Sultan Məhəmmədin vurğunuyam, onlardan ilham almışam. Ona görə də dini mövzulara keçmişəm. Əsərlərimdə heç vaxt Avropa mədəniyyətinin rənglərindən istifadə etməmişəm. Ancaq Sultan Məhəmmədin çəkdiyi miniatürlərdə olan rənglərdən, bizim qədim Şərq mədəniyyətinin rənglərindən istifadə edirəm. Sultan Məhəmmədin yaratdığı “Məhəmməd peyğəmbərin meracı” əsərinin bütün texniki işləri Təbrizdə görülüb. İndi də o əsərə tam qiymət verə bilmirlər ki, Sultan Məhəmməd onu necə çəkib”.
Qocaman rəssam öz əsərlərində, əsasən, portret mövzusuna çox yer ayırıb: “Sifariş götürüb, peyzajlar da çəkmişəm. Cənub bölgəsini — Masallı, Lənkəran və Astaranın, Talış dağlarını çəkmişəm. Çəkdiyim əsərlər arasında natürmort və illüstrasiya da var. O vaxt ulu öndər Heydər Əliyev Cənub bölgəsinə səfər edəndə portretini çəkmişdim. Heydər Əliyev özü portretə baxıb məni yanına çağırtdırmışdı. Ulu öndər mənə dedi ki, “mənim portretimi çox adam çəkib, amma təkcə sən xarakterimi düzgün veribsən”.
Rəssam sovetlər dönəmində qadağan olunduğu üçün dini mövzulara çox az müraciət edib: “Xarici ölkələrdə səfərdə olduğum zaman muzeylərdə Xristian dinini əks etdirən rəsm əsərlərinin üstünlük təşkil etdiyini görürdüm. Amma müsəlman aləmində müsəlmanlar dini mövzuda çox az rəsmlər çəkiblər. Mənim də dini mövzularda çəkmək istəyim ürəyimdə qalırdı. Müstəqillik əldə etdikdən sonra qərara aldım ki, dini mövzularda əsərlər yaradım. “Qurani-Kərim”də 114 surə var, hər birinə aid bir tablo yaratmağı düşündüm”.
Astaralı rəssam “Quran”ın hər surəsinə aid tablo çəkməyi öhdəsinə götürüb