1918-ci ilin 28 mayında istiqlaliyyətini bütün dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü respublikamızda son dərəcə mühüm və əlamətdar hadisə kimi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət quruluşunu yaratmış Cümhuriyyət cəmi 23 aylıq mövcudluğu dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu, müstəqillik əzmini əyani şəkildə nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamında qeyd olunduğu kimi, mövcudluğunun ilk günlərindən xalqın hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
100 illik inkişaf yolu keçmiş Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-dən – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Cümhuriyyətin məlum səbəblər üzündən süqutundan sonra Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmişdir. Əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan da ilk illərdə ciddi siyasi böhran və məhrumiyyətlərlə üzləşmiş, hüquqi, demokratik dövlətə qovuşmaq arzusunu reallaşdıra bilməmişdir. 1993-cü ilin iyun ayınadək respublikada hərc-mərclik, xaos və anarxiya mühiti, hakimiyyət boşluğu hökm sürmüş, insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququ pozulmuşdur. Bu acınacaqlı vəziyyətin aradan qaldırılması yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiya demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ulu öndər Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etmişdir. Qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib, əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən yeni qanun və məcəllələr qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyev tarixi ənənələri bərpa edərək ədliyyə orqanlarına yüksək diqqət və qayğı ilə yanaşmış, bu sahədə yeni dövrün tələblərindən irəli gələn islahatların aparılmasını təmin etmişdir. Böyük strateq Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Müdrik liderin rəhbərliyi ilə aparılmış hüquq islahatlar çərçivəsində qəbul edilmiş çoxsaylı qanunlara, imzalanmış fərmanlara əsasən Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuşdur. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti təsis edilməklə yanaşı, keçmiş MDB-də ilk olaraq Azərbaycanda istintaq təcridxanaları nazirliyin tərkibinə verilmişdir. Ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin ibtidai istintaqının aparılması, bütün qeyri-tibbi məhkəmə ekspertizalarının həyata keçirilməsi nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası adından xarici dövlətlər və beynəlxalq təşkilatlarla hüquqi sahədə əməkdaşlıq üzrə müqavilələrin bağlanması, onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən ekstradisiya və digər məsələlərin həlli Ədliyyə Nazirliyinə tapşırılmışdır.
Son 15 ildə cəmiyyət həyatının ən müxtəlif sahələrində islahatları yüksək dinamizmlə davam etdirən dövlət başçısı İlham Əliyev ədliyyə sisteminin müasirləşdirilməsi və bu orqanın cəmiyyətin hüquq sistemindəki yerinin möhkəmləndirilməsi məqsədilə bir sıra zəruri fərman və sərəncamlar imzalamışdır. Dövlət başçısının 2006-cı il 18 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə» Ədliyyə Nazirliyinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədi daşımış, mühüm əhəmiyyətə malik bu sənədlə ədliyyə orqanlarının yeni fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin «Ədliyyə orqanlarının inkişafı haqqında» 17 avqust 2006-cı il tarixli fərmanı isə Ədliyyə Nazirliyinin fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində təşkili baxımından bir sıra yeni idarələrin yaradılmasını nəzərdə tutmuşdur. Fərman əsasında, həmçinin bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmışdır.
Ötən 15 il ədliyyə orqanları ilə yanaşı, məhkəmələrin də fəaliyyətinin müasirləşdirilməsi baxımından mühüm nəticələrlə yaddaqalan olmuşdur. Həyata keçirilən məhkəmə-hüquq islahatları sırasında, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» qanunun tətbiqi barədə Fərmanın əhəmiyyəti xüsusi önə çəkilməlidir.
Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixdə imzaladığı fərmanlar ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımında əhəmiyyətli olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyətə başlaması üçün qısa müddətdə mühüm təşkilati tədbirlər həyata keçirilmiş, 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.
Ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olması, uca tutulması tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin, ilk növbədə, insan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin fəaliyyətindən asılı olmuşdur. Son illər Hakimlərin Etik Davranış Kodeksinin qəbul edilməsi, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məhkəmələrin tərkibinin təzələnməsi məhz bu reallıqlarla şərtlənmşdir. Son illərə qədər ədalət mühakiməsinin həyata keçirilməsində özünü göstərən əsas problemlərdən biri də məhz məhkəmələrdə hakimlərin sayca azlığı idi. Məhz bu səbəbdən də bəzən hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması səthi olur, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının aparılmasına imkan vermirdi.
Hakimlərin sayının artırılmasını nəzərdə tutan bu və digər fərmanların icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Ümumilikdə, həmin dövrdən son illərədək çoxmərhələli seçim prosedurlarında, o cümlədən test, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 400 nəfərədək namizəd hakim vəzifəsinə təyin olunmuşlar.
Son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən «Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi çərçivəsində rayon məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmişdir. Hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılır, məhkəməyə müraciətin asanlaşdırılması üçün məhkəmə sisteminin vahid internet portalından səmərəli istifadə edilir.
Şübhəsiz, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi bu sahədə yeni iş üsul və vasitələrinin, innovativ yeniliklərin tətbiqini zəruri edir. Elektron xidmətlər, eyni zamanda, məhkəmə orqanları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirməklə, neqativ hallara şərait yaradan halları aradan qaldırır, elektron xidmətin genişləndirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevrilir. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamı isə bu sahədə ötən illərdən başlanmış işlərin daha da genişləndirilməsinə imkan yaratmışdır.
2017-ci ilin oktyabr ayında Azərbaycanın təqdim etdiyi “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” layihəsi Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində qalib gəlməsi və mütərəqqi layihələrdən biri kimi mükafata layiq görülməsi dövlət başçısının siyasi iradəsi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına verilən növbəti qiymətdir. Bundan başqa, Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsini ən uğurlu layihə kimi qiymətləndirərək “Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə innovativ üsulların yaradılması və tətbiqi” nominasiyasının qalibi elan etmişdir.
Yaranmasının 100-cü ildönümünü qeyd edən Azərbaycan ədliyyəsi müasirləşmə və davamlı inkişaf yolundadır. Ötən illərdə ölkədə həyata keçirilən islahatlar milli ədliyyə sistemi və məhkəmə orqanlarının fəaliyyətində əsaslı dönüş yaratmış, onların dövlətin hüquq sistemindəki layiqli mövqeyini təmin etmişdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...