Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bölgələrdə ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə hazırki dövrdə daha çox diqqət yetirilməlidir. Xüsusən qeyri-neft sektorunun inkişafına nail olmaq üçün prioritet vəzifələrdən biri də ənənəvi əkinçiliyə daha geniş yer verilməsidir.
Rayonumuz qədimdən çəltikçiliyin vətəni sayılır. Çəltik yer kürəsində əkin sahlərinə görə bütün bitkilər arasında ikinci, dənli bitkilər arasında məhsuldarlığına görə birinci yeri tutur. İnsanların qidalanması üçün düyü ən qiymətli ərzaq məhsuludur. Dünyada yaşayan əhalinin beşdə iki hissəsi düyü ilə qidalanır. Çəltikçilik Azərbaycan kəndlisinin də qədim və mühüm məşğuliyyət növlərindən biri olduğundan əvvəllər Azərbaycanda çəltiyin 50-dən çox sortu əkilirdi.
Azərbaycanda 1960-1962-ci illərdə çəltik əkini ümumi dənli bitkilər əkininin 24,4 faizini təşkil edirdi. Həmin dövrlərdə 5779 hektar dənli bitkilərin 1412 hektarını çəltik bitkisi təşkil etmişdir. Əkilən çəltiyin əsas hissəsi Lənkəran iqtisadi rayonuna daxil olan rayonların o, cümlədən rayonumuzun da payına düşmüşdür.
Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini qazandıqdan sonra respublikanın hər yerində olduğu kimi, rayonumuzun da iqtisadi həyatında yeniliklər yarandı və gəlirli sahə kimi çəltik əkininə üstünlük verildi.
1992-ci ildən başlayaraq kənd təsərrüfatı sahələrində struktur dəyişikliklər aparılaraq torpağın icarəyə verilməsi, 1996-cı ildən torpaqların xüsusi mülkiyyətə verilməsi nəticəsində taxıl əkininə, xüsusən çəltik əkininə diqqət artırmağa başladı və 2000-ci ildə rayonda ən pik həddə 2001 hektar sahədə çəltik əkini keçirildi.
Lakin sonrakı illər müxtəlif obyektiv və subyektiv səbəblərdən çəltikçiliyə maraq azalmağa başladı. Nəticədə illərlə formalaşdırılmış infrastruktur dağılmağa başladı və 2011-ci ildə çəltik əkilən sahə artıq 120 hektar səviyyəsinə düşdü və 2015-ci ildə 65 hektar səviyyəsinə endi.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrasda Prezident İlham Əliyev ənənəvi sahələrin inkişaf etdirilməsi barədə tapşırıqlar verəndən sonra rayonda ənənəvi sahə olmuş çəltikçiliyin inkişafı ilə bağlı müəyyən işlər görülməyə başladı.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonda fəaliyyət göstərən sahibkarlarla son illərdə keçirdiyi işgüzar görüşlərdə çəltikçiliyin inkişaf etdirilməsi üçün fermer və sahibkarlara müraciət etməsi və bununla bağlı onlara hər cür dəstək veriləcəyini bildirməsi öz nəticəsini verdi.
İlk növbədə rayona əkin üçün əlverişli olan məhsullar yüksək reproduksiyalı çəltik toxum sortlarının- “Həsəni” , “Haşimi” və “Sədri” kimi çəltik növlərinin gətirilməsinə üstünlük verildi.
Nəticədə 2016-cı ildə çəltik əkini 132 hektara, 2017-ci ildə 448 hektara və bu il 450 hektara çatdırıldı.
Əkin keçən illə müqayisədə 2 hektar çoxdur. Əkinin 12 hektarı Astara şəhəri, 6,5 hektarı Kijəbə qəsəbəsi, 104 hektarı Ərçivan qəsəbəsi, 55 hektarı Suparibağ, 123 hektarı Səncərədi, 0,5 hektarı Şüvi, 4 hektarı Təngərüd, 42 hektarı Pensər, 4 hektarı Şiyəkəran, 65,5 hektarı Kakalos kənd ərazi icra nümayəndəliklərinin ərazilərində fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatları, 33 hektarı kənd təsərrüfat müəssisələri tərəfindən aparılmışdır.
Artıq rayonda cəltik yığımı başa çatmış, sahələrdən 1659,1 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektara 36,9 sentner olmuşdur. Bu il havaların quraqlıq keçməsi çəltiyin məhsuldarlığını aşağı salmış və keçən illə müqayisədə məhsul istehsalı aşağı düşmüşdür.
Aparılan araşdırmalar göstərir ki, Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş prespektivlər var. Belə ki, ərazidən Astara çayı və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması bunun üçün əlverişli şərait yaradır.
Eyni zamanda ərazidə fəaliyyət göstərən çəltik dəyirmanlarının olması da maraqları bir növ stimullaşdırır.
Çəltikçilik çox gəlirli sahədir. Ağır zəhmət tələb edən düyü maya dəyərindən 5-6 dəfə bahasına satılır. Hazırda bazarlarda yerli düyünün qiyməti 4-5 manat arasındadır.
Artıq bir neçə ildir bölgəmizin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür. Astara düyüsünün ilbəil daha da artırılması üçün geniş izahat və maarifləndirmə işlərinin aparılması, rayon rəhbərliyi tərəfindən çəltik istehsalı ilə məşğul olan təsərrüfat sahiblərinin problemlərinin yerindəcə həll edilməsinə əsaslanaraq deyə bilərik ki, rayonda gələcəkdə bu gəlirli bitkinin əkin sahəsi 1000 hektara çatdırılacaqdır.
V.Həsənov
Rayon Statistika İdarəsinin rəisi