Rayonumuzda 3624 hektar sitrus meyvə bağları vardır ki,  ilin sonunadək yeni əkinlər hesabına bu rəqəm 4000 hektara çatdırılacaqdır.
Hazırda rayonumuzda sitrusçuluğun inkişaf etdirilməsi diqqət mərkəzindədir. Rayonumuzun Kijəbə qəsəbə, Siyəkü, Şüvi, Səncərədi, Təngərüd, Pensər, Şiyəkəran və digər yaşayış məntəqələrindəki sitrus bağlarında bol məhsul yetişdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçən ilin sentyabrında cənub bölgəsinə səfəri zamanı Lənkəran şəhərində keçirilən müşavirədəki çıxışında çayçılığın, çəltikçiliyin inkişafı ilə birlikdə sitrus sahələrinin genişləndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.  Rayonumuzda da bu mühüm vəzifələrin yerinə yetirilməsi üçün müasir tələblər səviyyəsində konkret və əməli tədbirlər həyata keçirilmişdir. Bu il sitrus sahələrinin dörd min hektara yaxın genişləndirilməsi bu sahəyə göstərilən diqqətin aydın göstəricisidir. Bu mövsümdə ötən ildəkindən xeyli çox-50 000 tona yaxın sitrus meyvələri gözlənilir.
 Artıq rayonumuzda sitrus bağlarında meyvə yığımına başlanılmışdır. Sitrusçuluqla məşğul olan təsərrüfatları gəzərkən  hər yerdə bol məhsulun yetişdirildiyinin şahidi olduq.
Bu günlərdə yolumuzu Kijəbə qəsəbəsinə saldıq. Qəsəbə təkcə rayonumuzda deyil, respublikamızda da yüksək keyfiyyətli sitrus məhsullarının yetişdirildiyi ərazi kimi tanınır. Sovetlər dönəmində yaradılmış böyük təsərrüfatda geniş sitrus meyvə plantasiyaları salınmış, respublikanın alıcı təşkilatlarının tələbatının ödənilməsi üçün bol  sitrus məhsullarının yetişdirilməsi diqqət mərkəzində olmuşdur.
Müstəqillik illərində ictimai təsərrüfatlar özəlləşdirilmiş, sitrus meyvə bağları ayrı-ayrı ailə kəndli fermer təsərrüfatlarına verilmişdir. Ənənələrinə sadiq qalan rayonumuzun təsərrüfatçıları sitrus meyvə bağlarının daha da inkişaf etdirilməsi üçün böyük qüvvə sərf etmişlər.
Kijəbə qəsəbəsinin Tüləgüvan kəndindəki təsərrüfatlardan biri də beş ailəni birləşdirən Rafiq Ağayevin rəhbəri olduğu kəndli fermer təsərrüfatında olarkən füsunkar mənzərə bizi  heyran etdi. Hiss olunurdu ki, bol və keyfiyyətli meyvə yetişdirilməsi üçün sitrusçular  gərgin əmək sərf etmişlər.
Rafiq Ağayev görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, ailəmizin təminatı sitrusçuluqla bağlıdır. Hektardan çox ərazini əhatə edən bağlarda ailə üzvləri ilə birlikdə qışın soyuğunda, yayın bürkülü istisində çalışaraq ağacların suvarılması, zərərvericilərdən qorunması üçün lazımı tədbirləri vaxtında həyata keçirmişik.
İstifadəmizdə olan T-76 traktorundan aqrotexniki xidmət işlərində geniş istifadə edirik. Yığım dövründə 15-20 ton naringi meyvəsi toplamağı nəzərdə tutmuşuq. Bol məhsul yetişdirilməsində övladlarımdan Elşən, Azər, İntizam, İntiqam, İlham və  Güllü bizə yaxından köməklik göstərmişlər. Hazırda məhsul yığımına başlamışıq. Yığdığımız məhsulu təxminən kiloqramı 1 manat və 1 manat 50 qəpiyə satırıq. Onu da bildirim ki, sitrusçuluqla yanaşı heyvandarlıq və arıçılıqla da məşğul oluruq.
Fermer R.Ağayev rayon rəhbərliyi tərəfindən sitrusçuluğun inkişafına göstərilən qayğını yüksək qiymətləndirdi. Qeyd etdi ki, rayon icra hakimiyyəti tərəfindən keçirilən sitrusçuluğun inkişafı ilə bağlı yığıncaqlarda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi işimizə xeyli fayda verir.
Təkcə Tüləgüvan kəndində sitrusçuluqla məşğul olanların sayı 250-dən çoxdur. Ümumiyyətlə  qəsəbəmizdə yüzlərlə ailə  təminatını sitrusçuluqdan əldə etdiyi gəlirlə təmin edir.
Rayonumuzun sitrus meyvə   bol məhsulun yetişdirilməsi iqtisadi cəhətdən sevindiricidir.
İnanırıq ki, rayonumuzda çox gəlirli və perspektivli sahə olan sitrusçuluğun daha geniş inkişaf etdirilməsi üçün bundan sonra da konkret və əməli tədbirlər görüləcəkdir.
Azər Abdullayev
Fotolar  Nicat Raufoğlunundur.