Son dövrdə Türkiyənin Çukurova Universitetinin Subtropik Meyvələr Araşdırma və Tədqiqat Mərkəzi ilə rayonumuzun sitrus mütəxəssisləri arasında tez-tez görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır.
Astara öz sitrus və subtropik meyvələri ilə məşhurdur. Son dövrdə subtropik meyvəçiliyin inkişafı, iqtisadi və sosial əlaqələrin genişləndirilməsi, xarici  sərmayəçilərin  bura cəlb olunması  istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bu perspektivli sahənin inkişafına güclü təkan vermişdir.
Çukurova Universiteti ilə əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsirini əsas götürərək rayon  icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  sitrusçuluqla məşğul olan mütəxəssislərimiz oktyabrın 21-də Türkiyə Respublikasının Adana şəhərində yerləşən Subtropik Meyvələr Araşdırma və Tədqiqat Mərkəzində və Hatay şəhərində təcrübə mübadiləsi aparmaq üçün səfərdə olublar.
 Məqsəd sitrusçuluqla məşğul olan bir çox insanlarla görüş keçirmək, onların elmi fəaliyyətindən faydalanmaq, intensiv subtropik bağçılığın öyrənilməsi  və bunları rayonumuzun sitrus meyvə bağlarında tətbiq etmək olmuşdur.
Türkiyənin Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və tədqiqat mərkəzinin direktoru, böyük təcrübəyə malik professor Saadettin Baloğlu sitrusçuluqla məşğul olan mütəxəssislərimizi qəbul etmiş və mərkəzin tingçilik təsərrüfatında aparılan calağ işləri, tingçiliyin yaradılması mərhələləri, toxumun  əkilməsi və qulluq edilməsi, sitrus bitkilərinə aqrotexniki qulluğun göstərilməsi, xəstəlikləri və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışmış və tövsiyələrini vermişdir.
Professor qeyd etmişdir ki, bitkiyə qulluğun 3 növü vardır. Budama, bəsləmə və dərmanlama. Sitrus bağlarında bu 3 mərhələni doğru şəkildə həyata keçirmək bol məhsuldarlığa nail olunacağı deməkdir.
Eyni zamanda mütəxəssislərimiz Adanadan Hatay şəhərinə tingçilik təsərrüfatının qurulması qaydalarının öyrənilməsi məqsədilə  yola düşmüşlər. Orada çapağ fidançılıq mərkəzinin rəhbəri  Atif Cabbarla görüş keçirilmişdir. O , tingçiliyin qurulması,  onlara qulluq qaydaları, hansı növ tinglərin yetişdirilməsi lazım olduğunu nümayəndə heyətimizə geniş izah etmişdir.
Toplanılan zəngin təcrübə rayonumuzda sitrusçuluğun elmin son nailiyyətləri əsasında daha sürətlə inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
 
Nicat Raufoğlu
Astarainfo.az