Həm Avropa Liqasında, həm də daxili çempionatda mübarizə aparırıq. Bu səbəbdən də yorğunluq olur.
Bu sözlər “Qarabağ”ın legioneri Con Delarja məxsusdur. Konqo millisinin üzvü Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “Keşlə” ilə matçdan (1:1) sonra fikirlərini bölüşüb. Delarj çempionluq yarışında heç nəyin həll olmadığını deyib:
“Baş məşqçi rotasiyalar edərək, hamıya şans verir. 25 futbolçumuz var və onlardan yalnız 11-i əsas heyətdə oynayır. Hələ oktyabr ayıdır və çempionat mayda başa çatacaq. İndidən nəsə demək çətindir. Bu ay yaxşı performans sərgilmədik, ola bilər ki, noyabrda hər şey dəyişsin”.
Delarj Avropa Liqasındakı şanslarından da danışıb: “Hələ çempionat oyununu düşünürük. “Sumqayıt”la oyunda 3 xal qazanmaq istəyirik. “Neftçi” ilə 5 xallıq fərqimiz var. Xal itirməməyə çalışacağıq. Sonra isə “Vorskla” barədə düşünə bilərik. Qrupda 3 oyunumuz var və 9 xal toplaya bilərik. Riyazi düşünsək, şanslar qalıb”.(Milli.Az)