Pnevmoniya, yəni ağciyərlərin iltihabı kəskin infeksion xəstəlikdir.
Bu xəstəlik barədə AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın terapevti Sevinc Həsənova məlumat verib.
Pnevmoniyanın əlamətləri haqqında danışan həkim deyib: “Xəstəlik əsasən özünü qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz yeni öskürəyin əmələ gəlməsi, yaxud bəlğəm rənginin dəyişməsi ilə müşayiət olunan xroniki öskürək, döş qəfəsində plevral ağrılar, təngnəfəslik, uyğun auskultativ dəyişikliklər, rentgen müayinəsi zamanı yeni kölgənin aşkar olunması ilə büruzə verir. Streptokokkus pneumoniya xəstəliyin əmələ gəlmə səbəblərinin 50 faizini təşkil edir. Qrip, paraqrip və digər virusları, bronxitlərin fəsadlaşma halları və s. pnevmoniyaya səbəb ola bilər. Diaqnozu dəqiqləşdirmək xəstənin anamnezi, fizikal müayinə nəticələrinə və döş qəfəsi rentgenoqrafiyasına əsaslanır. Təbii ki, müayinə sırasında qanın ümumi analizi və qanda digər iltihab göstəricilərinin müayinəsinə, bəlğəmin kultivasiyası və s. nəzər yetirilir. Müalicə-adetvak maye balansının təmin edilməsi, ağrı və yüksək hərarəti azaltmaq üçün analgeziya tədbirləri aparmaq, antibiotik müalicəsi, ehtiyac olduqda drenaj tətbiqinə və bir sıra yanaşı aparılan üsullara əsaslanır. Müalicə müddəti optimal 7-10 və ya xəstəliyin ağırlıq dərəcəsinə görə daha artıq gündür. Müalicə başlayandan iki həftə sonra təkrar döş qəfəsinin R-qrafiyası məsləhət görülür. Əsas profilaktika üçün aktiv və passiv siqaret çəkmənin dayandırılması, şəxsi gigiyena və sağlam həyat qaydalarına əməl etmək, vitaminli və sağlam qida proqramına riayət etməyi məsləhət görərdim”.